Şuşada əhalinin peşə hazırlığının təşkili ilə bağlı dəyirmi masa keçirildi - FOTO
Şuşada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində "Əhalinin peşə hazırlığının təşkili" mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonu (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Şuşa rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, digər dövlət qurumlarının və özəl tədris müəssisələrinin nümayəndələri iştirak edib.
Bu kimi tədbirlərin işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatında mühüm dəstək olduğu vurğulanıb. Qeyd edilib ki, "Qayıdış işçi qrupu" çərçivəsində qayıdışı planlaşdırılan 311 min şəxsin təhlili (demoqrafik, məşğulluq və sosial göstəricilər) həyata keçirilib, Qayıdış prosesində 256 işəgötürənlə görüş keçirilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir.
Vurğulanıb ki, dövlət qurumları ilə özəl sektor arasında dayanıqlı əməkdaşlıq nəticəsində görülən işlərin əhatəsi daha da genişləndirilir.
Daha sonra tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün Agentliyin həyata keçirdiyi və təşkili planlaşdırılan peşə kursları barədə məlumat verilib. Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin peşə hazırlığına cəlbi əsas məşğulluq tədbirlərindən biridir və ilkin mərhələdə azad olunan ərazilərdə məskunlaşacaq 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Ötən il Bərdədə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malikdir.
Müzakirə istiqamətləri arasında özəl tədris müəssisələrinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə cəlb edilməsi, onların səmərəli fəaliyyəti üçün ehtiyaclar və həmin müəssisələrin işğaldan azad edilmiş ərazilərdə fəaliyyəti üçün dövlət qurumlarının dəstəyi kimi mövzular da yer alıb.
Sonda dayanıqlı məskunlaşma üçün məşğulluğun artırılması və peşə hazırlığının təşkili istiqamətində təkliflər müzakirə edilib.