Teatrdakı mənimsəmə ilə bağlı - Rəsmi açıqlama
19:06 Xəbər verdiyimi kimi Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasibi vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı külli miqdarda mənimsəmədə ittiham olunur.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, vəzifədə işlədiyi müddətdə 332 000 manat vəsait mənimsəyib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən saytımıza açıqlama verilib. Açıqlamada aşağıdakılar qeyd olunub:
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
-------- 15:31 Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.