TƏBİB tabeli tibb müəssisələrində stomatoloqların ixtisarına aydınlıq gətirdi
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tərəfindən ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb.
meqale.com Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib:
"Qeyd edirik ki, TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq 1 avqust tarixindən etibarən uşaq stomatoloqu ixtisası üzrə çalışan həkimlərə sabit aylıq həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici əlavələr 250 manat məbləğində müəyyən olunub".
"Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri də nəzərə alınmaqla, müəssisə rəhbərləri tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq olunub.
Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərtlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının qərarı ilə təsdiq olunub", - məlumatda əlavə olunub.