Telekanallarımızın başabəla simaları: kimdir bu adamlar?
Bir müddət əvvəl belə ifadəni tez-tez eşidirdik: "Azərbaycanın televiziya kanallarına baxmıram!"
Ziyalı da, fəhlə də, çoxuşaqlı ana da, ən "qlamur" xanım da, məşhur da, adi insan da deyirdi bu kəlmələri. Hanqız da deyildilər - ölkədəki telekanallar sadəcə, şou-biznes proqramları, dedi-qodu, toy müğənnilərinin həyatlarının təfərrütlarının cahanşümul durum qismində müzakirəsindən ibarətdi sanki.
Vəziyyət indi fərqlidir.
Milli teleradioməkanı dəyişib. İkinci Qarabağ Müharibəsi 44 gün ərzində milli düşüncəni, məfkurəni, düşüncə və yaşam tərzini tam yeni səviyyəyə apardığı kimi, ölkədəki telekanallar da daşlaşmağa başlamış milliyətsizlik, cəmiyyətsizlik, anlamsızlıq, insansızlıq və şüsursuzluq qəflətindən ayıldı sanki.
Milli televiziya və radio məkanına dövlət dəstəyinin artması bəlli məsələdir: büdcə vəsaitinin həcmi sürəkli artır, rəsmi qurumlarla telekanalar arasında əlaqələr intensivləşir, kommunikativ təmaslar güclənir.
Azərbaycan Prezidentinin yerli telekanallara müsahibələr verməsi, vətəndaşlarımızı maraqlandırani məsələlərə aydınlıq gətirməsi, aktual sualları cavablaması, daxili və xarici siyasəti, mühüm ictimai-siyasi, sosial-iqtisadi və mədəni hadisələrin mahiyyəti və məqsədlərini izah etməsi - bütün bunlar ən yüksək səviyyədə milli televiziyaya qayğı və diqqət izharıdır.
Yerli telekanallarda irəliləyişlər və müəyyən sahələrdə inkişaf da göz önündədir.
Belə ki, telekanallarda operativlik artıb, canlı efir mədəniyyətinin şərtlərinə riayət halları güclənib, xarici ölkələrin mass-mediası ilə qarşılıqlı əlaqələr intensivləşib və birgə layihələrin icrasına başlanıb. Eyni zamanda, xarici ölkələrdən ictimai maraq doğuran reportajların sayı artıb, məşhur əcnəbi siyasətçilər, dövlət və ictimai xadimlərlə və s. müsahiəbələr çoxalıb.
Sosiumun, insanlarımızın cavab aradığı suallar telekanallarda yer alır, reportajlar və sənədli film istehsalı sürətlənib, hadisə yerindən reportajlar artıq gündəlik rutinə çevrilib, önəmli məsələlərlə bağlı studiyada ekspertlərin və analitiklərin cəlb ediliməsi ilə müzakirələr, həmçinin debatlar təşkil olunur.
Ən başlıcası isə ölkəmiz və insanımız üçün əlahiddə önəm kəsb edən məsələlər - Vətən müharibəsi, lokal antiterror əməliyyatı, Ermənistan tərəfindən həyata keçirilən təxribatlar və onlara qarşı cavab tədbirləri, regional geosiyasi olaylar, mühüm beynəlxalq tədbirlər, seçkilər və s. dövründə milli maraqların məhvər təşkil etdiyi doğlun, operativ fəaliyyət danıla bilməz.
Necə ki, Azərbaycanın iqtisadi, siyasi və sosial inkişafı, erməni işğalından azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışla bağlı geniş materiallar, reportajlar, süjetlər, təhlillər, şərhlər az deyil.
Bir zamanlar kəskin tənqid obyektinə çevrilmiş AzTV indi ölkənin ən baxımlı telekanallarından birinə çevrilib, fəaliyyətində sözün əsl mənasında dönüş yaradıb.
ARB24 telekanalı fasiləsiz xəbər prinsipi ilə böyük informativlik potensialını nümayişh etdirir, ölkədəki və dünyadakı hadisələr barədə "dərhal məlumatlandırma" sistemi ilə işləyir.
CBC telekanalınin beynəlxalq auditoriyaya çıxışı, keyfiyyətli və məzmunlu verilişlər hazırlayaraq yayması da faktdır.
Amma...
Bütün bunlarla yanaşı telekanalların "sosial verilişlər" adlanan proqramları mədəniyyət təbliğatı əvəzinə mədəniyyətsizlik ruporuna, səviyyəni yüksəldəcək verilişlər əvəzinə səviyyəsiz şoulara çevrilib.
Çay içərək tamaşa edən seyrçi əvəzinə çayxana söhbətlərinin efirən daşınmasının şahidiyik həmin verilişlərdə.
Qabalıq, vulqarlıq, mədəniyyətsizlik, mənəvi tənəzzül bu proqramlarda baza prinsiplərinə çevrilib.
Vətəndaşlar üçün sosial davranış modelinin əksini göstərən, reytinq və baxış statistikası üçün ürəkbulandırıcı şərəkətlərin adiləşdirildiyi həmin verilişlər küçə mədəniyyətinin reklam olunduğu, "küçə adamı" adlandırılan antipodun həzzlə qəhrəmana çevrildiyi iyrənc şoular olub.
Belə verilişlərə niyə baxılmalıdır?
Sual səslənəndə həmin proqramların aparıcıları dərhal səs-səsə verirlər ki, "kütlə bunu istəyir, ən baxımlı verilişlərdir, tarixi və mədəniyyət proqramlarına baxılmır, millət şou, dava-dalaş istəyir".
Studiyada arvadını döyən kişinin suçlanması, ərindən qaçan qadının ağlaması, yaxud ailənin yataq məhrəmlərinin müzakirəsi - bu, şou yox, mənəviyyatsızlığın təbliğidir.
Həmin proqramların aparıcılarının studiyadakı bağırtıları, dilətutmaları, ittihamları, barmaq silkələmələri, milli-mənəvi dəyərlərdən danışaraq yataq videolarının saf-çürük edilməsinə "ekspert"ləri cəlb etməsi ikrah doğuran məqamlardır.
"Kimdir bu adam?" sualı doğuran "ekspert"lər isə, ümumiyyətlə, klinik problemdir: cəmiyyətdə tanınmayan, ünsiyyət və izhar tərzləri ikrah doğuran, savadsız olduqları aydın görünən bu "ekspert"lərin seçimi də aparıcının istəyi ilədir. Onlar studiyada ucuz və bayağı şou göstərən həmin aparıcının marionetləri funksiyasını yerinə yetirirlər.
Onlar gerçək Azərbaycan cəmiyyətinin göstəricisi yox, irreal, uydurma cəmiyyətin ən pis anrtiqəhrəmanlarıdır.
Səviyyələri plintusdan aşağı olan həmin verilişlərin aparıcıları əxlaqi və mənəvi dəyərləri heçə saymaqda, insanımızın tabu sandığı məqamları çilikləməkdə, ən xoşagəlməz görüntülərə nail olmaqda, mənəviyyatlı və əxlaqlı iki insanın öz aralarında belə, danışmağa utandıqları məsələləri "geniş müzakirə mövzu"na çevirməkdə yarışırlar.
Dəfələrlə boşanmış adam ailə dəyərlərindən, saxtakarlığı simasına yazılan kəs - mənəviyyatdan, hüquqdan və qanunvericilikdən bixəbər - haqlardan və davranışdan bəhs edir.
Kimdir bu danışan başlar, bu insanlar?
Cavab mücərrəddir.
Reytinq davasıdır, epatajdır, tamaşıçı cəlb etmək istəyidir, yoxsa ürək bulandıran qaloşlu erzas-mədəniyyət, başabəla kitç nümunəsi?
Məhz belə yarıtmaz və yaramaz verilişlərin səbəbindən sosial platformalarda alternativ proqramlar populyarlaşır, tamaşaçılar mədəniyyət, cəmiyyət və hou-biznes barədə isterikasız, normal və adekvat məlumatlar almaq üçün videohostinq servislərinə üz tuturlar.
.... Məcazlarla təhkiyələrə varsaq, televiziyamızı avarlı qayığa bənzətmək olar.
Cəmiyyətə və insanlarımıza gərəkli, maraqlı, dəyərli proqramlar nümayiş etdirməklə irəliyişh, inkişaf üçün avar çəkənlər fasiləsiz çalışanda, yan tərəfdəki qaloşlu şoumenlər əksinə avar çəkərək qayığı geriyə aparmağa çalışırlar.
Bəziləri isə ümumiyyətlə, qayığı dəlməyə cəhd edirlər.
Belədirsə, həmin özüyeriyən karikaturaların qayıqda nə işi var?