Torpaq sahiblərinə yeni xəbər
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizmi yaradılır.
meqale.com-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Torpaq Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər.
Həmçinin, onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcəkdir. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcəkdir.