Turistlər rayonları deyil, Bakını seçir...
Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir.
meqale.com qafqazinfoya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında ölkəyə gələn turist sayı ilə bağlı etdiyi paylaşımda bildirib: "Bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər.
Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub".
Deputat bölgələrin xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzduğunu qeyd edib: "Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır.
Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.