Türk gəmisi dronla vuruldu - 16 nəfər təxliyə edildi
Türkiyəyə məxsus, təxminən 4 min ton maye qaz (LPG) daşıyan "Orinda" gəmisi Ukraynada PUA tərəfindən atəşə tutulub.
meqale.com xəbər verir ki, zərbədən sonra gəmində güclü yanğın başlayıb. Partlayış riski yarandığı üçün 16 nəfərlik heyət dərhal təxliyə olunub və təhlükəsiz yerə köçürülüb.
Yanğının şiddətlənməsi və partlayış ehtimalı səbəbilə Ukrayna sərhədinə yaxın yerləşən Ruminiyanın Plauru kəndinin sakinləri də köçürülüb.
Şirkət hadisə ilə bağlı açıqlama yayıb: "Bütün heyət üzvlərimizin sağlamlıq vəziyyəti yaxşıdır. Gəmidə yanğın davam edir və yerli hakimiyyət orqanları ilə birlikdə müdaxilə işləri həyata keçirilir."
ORINDA tankeri Orinda Dənizçilik şirkətinə məxsusdur və 125 metr uzunluğundadır. Gəmi 2023-cü ilin aprel ayında Türk Beynəlxalq Gəmi Reyestrinə daxil edilib.
Türkiyənin Dənizçilik Baş İdarəsi də hadisə ilə bağlı açıqlama verərək, ölən və yaralanmanın olmadığını bildirib.