Vulin: Serbiya Qərb xüsusi xidmət orqanlarına “rəngli inqilab” təşkil etməyə imkan verməyəcək
Serbiya hökuməti Belqraddakı etirazların arxasında duran Qərb xüsusi xidmət orqanlarının ölkədə “rəngli inqilab” təşkil etməsinə imkan verməyəcək.

Meqale.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Belqradda “rəngli inqilab” baş verir və bu, bizim Rusiya Federasiyası ilə bağlı mövqeyimizlə birbaşa bağlıdır. Serbiyadakı “rəngli inqilab”ın arxasında başqa hökuməti hakimiyyətə gətirmək istəyən Qərbin xüsusi xidmətləri dayanır. Biz buna imkan verməyəcəyik”, - o bildirib.
Qeyd edək ki, Serbiyada etirazlar 2024-cü il noyabrın 1-də Novi Sad dəmiryol vağzalında tavanın çökməsindən sonra başlayıb. Etirazlar hələ də davam edir və etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar.
Serbiya Prezidenti Aleksandr Vuçiç baş verənləri şərh edərək, ölkədə Kiyevdəki “Maydan”a bənzər “rəngli inqilab”ın həyata keçirilməsinin mümkün olmayacağını bəyan edib.