Xankəndidə nəyi və niyə sökürük? - FOTO
Keçdiyimiz gün ölkə xəbərlərinin içində Xankəndindən gələn bir xəbər diqqətimi cəlb etdi. Bu cümləni yazmaq reallığının, "Xankəndindən gələn xəbər" söz birləşməsinin möhtəşəm həzzi öz yerində, bu ayrı məsələ. Ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlardan gələn bütün xəbərləri su kimi "başıma çəkən" adamam, oxuyaram, dinləyirəm, baxıram və həzz alıram. Məsələn, səhərlər işə gələndə radioda elan edilən "qayıdış xəbərləri"ni diqqətlə dinləyirəm. Riyazıyyat damarım tutur, qayıdan adam sayını ailə sayına bölürəm, nəticə 3-dən çox çıxanda xüsusi kefim kökəlir. Dörd, beş hətta altı nəfərlik ailələrin yurda dönüşü daha çox sevindirir məni. Bu tam ayrı mövzudur, xüsusi bir "köşəyə çəkiləsi" işdir, eləcə misal üçün dedim.
Sevindirici xəbərlərin böyük hissəsi tikinti ilə, quruculuqla bağlıdır. Düşmənin illərlə sözün bütün mənalarında məhv etdiyi vətən torpaqlarımızın hər qarışı canlanır, yol, infrastruktur, binalar yenidən qurulur. Televiziyada bu sujetləri gördükcə adam qürur qarışıq bir sevinc hissi keçirir. Belə tez bir zamanda bu qədər böyük miqyasda və bütün sahələr üzrə toparlana bilməyimiz dövlət gücündən, iradədən, əzmdən xəbər verir. Çox şükür.
İlk cümlədə bəhs etdiyim xəbər isə, tikinti ilə yox, söküntü ilə bağlı idi. Xəbər verilirdi ki, Xankəndində qondarma rejimin "parlament binası" sökülür. İlk təssürat "hazır binadır da..." ola bilər, amma cümlənin heç beynində sona çatdırmamış qopan erməni hay-küyü, hər zamankı kimi məsələnin ermənilər və havadarları tərəfindən siyasiləşdirməyə çalışılması deyir ki, " -Yox, burda nəsə başqa mətləb var, bir az araşdırmaq lazımdır."
Əlahəzrət təcrübə göstərir ki, bizdə baş verən hansısa prosesə məlum ölkələr hay-küylə, siyasi don geyindirməklə yanaşdılarsa, heç fikirləşməyə gərək yoxdur, baş verən hər nədirsə bizim xeyrimizədir. Təbii ki, bu dəfə də elədir, di gəl azca araşdıranda xeyli maraqlı məsələlər də ortaya çıxdı deyə, istədim sizin də məlumatınız olsun.
Gələk mətləbə. Söhbət iki binadan gedir. Sökülən binalar bunlardır: "Arsaxı azad etmiş döyüşçülər ittifaqının" binası və "Arsax parlamentinin" binası. Vallah, birincinin adını eşidəndə adam istəyir külüngünü götürüb üzü Xankəndiyə yola düşsün...
Binaların "tarix"inə qısaca nəzər salaq. Adını bir daha yazmaq istəmədiyim birinci binaya yuxarıdan baxanda xaç işarəsini xatırladır. Binanın tikintisi separatçı rejimin "müdafiə nazirliyinin" dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada vəfat etmiş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda "investisiya" qoymuş VALLEX-qrup, Moskva, Stavropol şəhərlərindəki erməni diasporasının nümayəndələrinin sponsorluğu ilə baş tutub. Açılışını 2013-cü ilin 9 may günündə Ermənistan prezidenti Serj Sarqsyan və qondarma rejimin rəhbəri Bako Saakyanın iştirakı ilə ediblər. Beləcə həm də Xankəndinin mərkəzi meydanında təşkil olunmuş "bayram tədbirləri" ilə Şuşanın işğalını da qeyd ediblər.
İkinci bina, "parlament binası"nın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü - 2 sentyabr 2007-ci ildə olub. Mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı "Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut" və "gözəl hadisə" adlandırıb.
Demək ki, binaların hər ikisi işğal dövründə tikilib. Gələk məsələnin qanuni, hüquqi tərəfinə. Xankəndi şəhərinin baş planı hələ Azərbaycan SSR-in vaxtında, o vaxtkı birinci katib, rəhmətlik Heydər Əliyev tərəfindən təsdiqlənib və sovet vaxtı şəhərdə geniş tikinti işləri aparılıb. Bədnam qonşular öz havadarlarının hesabına torpaqlarımız işğal etdikdən sonra necə ki, böyük bir hissəni dağıtmaqla, sökməklə, məhv ediblər, eləcə də Xankəndimizi yöndəmsiz, lazımsız tikililərlər məhv etməyə çalışıblar. Şəhərin bütün mənzərəsi pozulub. Şəhərin təsdiqlənmiş baş planına uyğun olmayan, dövlət qurumlarının müvafiq icazəsi olmayan istənilən tikili qanunsuz tikilidir. Bakıda da, Gəncədə də, Xankəndində də. Nəyi tikirik və nəyi sökürük özümüz bilərik. Nə hay-küydü yenə? Adama deməzlərmi ki, sənin nə işinə qalıb, mən öz evimdə nə edirəm, get...
Məsələnin mənəvi tərəfinə gələk. Binaların hansı simvolik mənanı daşıdığına diqqət edək. "Parlament" adlanan bina Azərbaycana qarşı işğal və soyqırım planlarının cızıldığı, qərarların qəbul edildiyi binadır. Dövlətimizin içindəki terrorçu dəstənin sığındığı "siyasi məkan", terrorçu yuvası olub. YERKRAPA təşkilatının da terrorçu bir dəstə olduğu, onun üzvlərinin əllərində minlərlə məsum azərbaycanlının qanı olduğu bəllidir. Biz o binalara baxanda qətlə yetirilən minlərlə günahsız insanımızı, itirilən illərimizi, dövlətimizə vurulmaq istənən böyük zərbəni və bütün dünyaya təhlükə olan, bəşəriyyətin bəlası olan terroru görürük. Düşmənlərin öz dilləri ilə desək "Arsaxın ayaqda olduğunu göstərən sübut" bizə lazımdırmı? Nəyinki bizə, erməni xalqına, ölkəmizdə yaşayan ermənilərə, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu ən üst səviyyədə, rəsmi görüşlərdə dilə gətirən Ermənistan Respublikasına lazımdırmı? Terrorun rəmzi olan bir bina dünyamıza, bəşəriyyətə lazımdırmı?
Biz öz ölkəmizə, onun hər bir güşəsinə sağdan, soldan, aşağıdan, lap elə yuxarıdan baxdıqda hansı mənzərəni görmək istədiyimizin qərarını özümüz veririk. Bunu qanını vətən torpağına qatan minlərlə şəhid və qazimizə, haqq savaşında yanımızda olan dostlarımıza, savaşı idarə edən kamandirlərimizə və ölkəni idarə edən Ali Baş Komandana borcluyuq. Azərbaycan dövlətinin sərhədləri daxilində baş verən bütün hadisələr, tikintilər, söküntülər dövlətin daxili işidir. Tikintilərimiz də, düzəltdiklərimiz də, sökülüb-dağıdılanlar da xeyirli olsun. Yaşasın Azərbyacan Dövləti.
Vəssalam!
Çingiz Özgür