Xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək - Vüqar Qurbanov
"Yeni Klinika"da müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, evə buraxılanların durumu yaxşıdır: "Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".
Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib. Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.