Yeniyetməyə qarşı zorakılıq edən şagirdləri hansı cəza gözləyir? - "Üç ayadək..."
Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda, 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Hazırda araşdırılma aparılsa da, bullinq edən şagirdlər, o cümlədən onların valideynləri ilə bağlı hüquqi tədbirlərin zəruriliyi vurğulanır.
Maraqlıdır, qanunvericiliklə şagirdləri və valideynlərini hansı cəzalar gözləyə bilər?
meqale.com xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir:
"Həmin Məcəllənin 189.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Əgər İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir".
Müsahibimiz bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsinə əsasən, on dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir:
"Uşaqlar İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində nəzərdə tutulmuş qanunsuzluğa məruz qaldıqda, valideynlərə hadisənin baş verdiyi rayonun yerli icra hakimiyyətinə şikayət etməyi tövsiyə edirəm. Hər bir rayon icra hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir və İnzibati Xətalar Məcəlləsinin 189 və 512-ci maddələrində nəzərdə tutulmuş xətalara həmin komissiyalar baxıb qərar qəbul edirlər. İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildikdə (təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi) valideynlər və məktəb rəhbərliyi hadisənin baş verdiyi rayonun və ya şəhərin məhkəməsinə müraciət etməlidir".
Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin sözügedən maddələrində nəzərdə tutulmuş cəriməni ödəməyən valideynlər, vəzifəli şəxslər və təşkilatlar barəsində həmin Məcəllənin 529-cu maddəsində nəzərdə tutulmuş ağır inzibati tənbehlər tətbiq olunur: