Təhsildə texnoloji fırıldaqçılığın qarşısını necə almaq olar?
Rəqəmsal dövrə qədəm qoyduqca təhsil və texnologiyanın kəsişməsi çoxalır. Ancaq bu, yeni imkanlarla yanaşı, çətinliklər də yaradır. Hazırda aktuallaşan belə problemlərdən biri də imtahanlarda texnoloji fırıldaqçılıqdır. Abituriyentlər qəbul imtahanlarında, tələbələr semestr imtahanlarında köməkçi vasitələrə - texnoloji cihazlara müraciət edirlər.
Əgər əvvəllər imtahanlarda "şparqalka"dan istifadə işə yarayırdısa, müasir dövrdə onları sürətlə texnoloji vasitələr əvəzləyir. Təəssüf ki, texnoloji əsaslı fırıldaqçılığın miqyası müəyyən bir akademik səviyyə və ya sahə ilə məhdudlaşmır. Bu, dünyanın hər yerində orta məktəblərdə, kolleclərdə və universitetlərdə geniş yayılıb. Hazırda dünyada imtahanlarda texnologiya əsaslı fırıldaqçılığı müəyyən etmək və qarşısını almaq, hamı üçün ədalətli və bərabər təhsil mühiti təmin etməkdən ötrü imkanlar araşdırılır.
Bu yaxınlarda bizim ölkəmizdə baş verən hadisə də cəmiyyəti şoka salıb. Bəs bu cür xoşagəlməz halların qarşısını almaq imkanları nə dərəcədə realdır?
meqale.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Əgər o abituriyentlər bilsələr ki..."
Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun sözlərinə görə, əvvəllər də imtahan proseslərində belə hallar baş verib: "İşbazlar həmişə olub və gələcəkdə də olacaq. Amma təbii ki, belə halların qarşısı mütləq alınmalıdır. Bunun üçün profilaktik tədbirlər görülməlidir. Dövlət İmtahan Mərkəzi ayrı-ayrı abituriyentlərin diqqətinə çatdırmalıdır ki, məlumat bazasında onların bütün imtahan nəticələri yerləşdirilib. 11 il müddətində oxumayıb, yaxşı olmayan nəticələr göstərən biri qəbul imtahanlarında 500-600 bal toplayırsa, bu, təbii ki, şübhə doğuracaq. Nəticələr də dərhal yoxlanılacaq. Əgər abituriyentlər bilsələr ki, gələcəkdə belə hallara yol verənləri nə gözləyir, onda bu yola əl atmazlar. İmtahanlardan qabaq hər bir abituriyentə "İmtahan prosesində qeyri-qanuni hər hansı vasitədən istifadə edərsinizsə, bu, bizim tərəfimizdən aşkar olunacaq və ciddi şəkildə cəzalandırılacaqsınız" məzmununda SMS göndərilməlidir".
Professorun fikrincə, bu məzmunda məktəb direktorları ilə DİM rəhbərliyinin görüşünün keçirilməsi də yaxşı olar: "Məzunlar dərk etməlidirlər ki, bu yol uğurlu deyil. Cəmiyyəti də bu barədə məlumatlandırmaq lazımdır. İnsanlar anlamalıdırlar ki, bu, həmin abituriyentin, onun ailəsinin, bütövlükdə cəmiyyətin faciəsinə gətirib çıxara bilər". F.Rüstəmov hesab edir ki, bu cür saxtakarlıqla məşğul olanların ciddi cəzası olmalıdır: "Belə hadisəni ictimailəşdirmək lazımdır ki, valideynlər də nəticə çıxarsınlar. Saxta yoldan istifadə edən abituriyentlərə 3-5 il ali məktəblərə sənəd verməyə qadağa qoymaq lazımdır. Onlar cəzalanmalıdırlar ki, başqalarına dərs olsun. Abituriyentlər bilməlidirlər ki, bu gün diplom almaq şərt deyil. Diploma görə heç kəsi işə götürmürlər. Sabah universitetdə, işə düzəlmək istəyəndə yenidən imtahan verməlisən və onda da yalanın üzə çıxacaq. Ortada isə işbazlar qazanmış olacaq".
"Bu cür hallar tələbələri həvəsdən salır"
"Fəaliyyətim dövründə bu məsələ həmişə aktual olub. Auditoriyalarda kənar köməyin olmaması üçün əlimizdən gələn bütün vasitələrdən istifadə edirik", - deyə ADA Universitetinin professoru Gülməmməd Məmmədov da mövzuya münasibət bildirib. Onun fikrincə, bu, biliyin qiymətləndirilməsində ədalətin təmin olunması baxımından da vacib məsələdir: "Hansısa tələbə zəhmət çəkib oxuyursa, onu təqdir edirik, eyni zamanda imtahanı elə təşkil etməliyik ki, zəhmət çəkməyən, oxumayan tələbə hansısa yollarla qiymət ala bilməsin. Bu cür hallar tələbələri həvəsdən salır. Ədalət prinsipinin bu formada pozulmasını görəndə belə davranışlara meyilli olmayan tələbə də "bəlkə mən də belə edim", - deyə düşünə bilər".
Vicdan, etika və etimad məsələsi
G.Məmmədovun fikrincə, nəzarətdən əlavə, gənclərlə nümunəvi söhbətlər də aparmaq lazımdır: "Mən semestr boyu tez-tez bu mövzuya qayıdıram. Bu, həm də etik məsələdir. Bunun inzibati tərəfi qanunlarla tənzimləmədirsə, digər tərəfi məsul şəxsin prinsiplərə, etika anlayışına münasibətidir. Qəbul imtahanlarında ədalət prinsipini birbaşa dövlət təmin etməlidir. Bu, dövlətin üzərinə düşən vacib öhdəliklərdən biridir. Digər tərəfdən, bu şəxsin vicdan, etika məsələsidir. Gələcəyimizin, cəmiyyətin imtahanlara olan etimad məsələsidir. Belə hallar adiləşsə, insanların inamı sarsıla bilər. Hər kəs, cəmiyyətin hər bir üzvü, xüsusən, təhsilin içərisində olan şəxslər bu cür həssas məsələdə məsuliyyətli davranmalıdırlar". Professorun fikrincə, dövlətin aidiyyəti qurumları bu kimi halların qarşısını almaq üçün addımlar atır: "Biz də auditoriyalarda kənar köməyin olmaması üçün əlimizdən gələn bütün vasitələrdən istifadə edirik".
"Sistemli mübarizə aparılmalıdır"
Tarix müəllimi Pərviz Ağalarov da hesab edir ki, qəbul imtahanlarına nəzarət gücləndirilməlidir: "İnformasiya texnologiyalarından istifadə edərək imtahana müdaxilələrin qarşısını yalnız dövlət səviyyəsində almaq mümkündür. Bununla bağlı xüsusi tədbirlər planı hazırlanmalıdır. Bu cür hallar təkcə təhsildə baş vermir. Biz bank kartlarından oğurluqlarla da tez-tez rastlaşırıq. Ona görə belə hallara qarşı sistemli mübarizə aparılmalıdır".