Yumruq kimi bir
Azərbaycan Prezidenti İlham Əliyevin növbəti səfəri azad Ağdamdan başladı və Xankəndidə başa çatdı. Bu səfər yalnız işğaldan azad edilmiş ərazilərin bərpasına nəzarət deyil, həm də Azərbaycanın sarsılmaz iradəsinin, xalq və liderin birliyi ilə nələrə qadir olduğunun sübutu idi. Hər addım, hər yeni layihə Azərbaycan dövlətinin əzmini və gücünü dünyaya nümayiş etdirdi.
Vaxtilə düşmən tapdağı altında qalan Ağdam indi bir tikinti meydançasını xatırladır. Viran edilmiş şəhər qısa zamanda müasir şəhər infrastrukturuna qovuşur. Prezident İlham Əliyev Ağdam şəhərində inşa edilən 1 nömrəli tam orta məktəbin, körpələr evi-uşaq bağçasının və ikinci yaşayış kompleksinin tikinti işlərini yerindəcə izləyib. Eyni zamanda, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim-Tədris Kompleksinin açılışını edib. Burada yeni qurulan "Ağdam Residence" yaşayış kompleksindəki şərait, Muğam Mərkəzində aparılan tikinti işləri və inşası davam edən "Hilton Garden Inn" oteli barədə dövlət başçısına ətraflı məlumat verilib.
Bu səfərin ən əlamətdar məqamlarından biri isə Prezident İlham Əliyevin Xankəndinə gəlişi oldu. Xankəndi Azərbaycanın qələbəsinin rəmzlərindən biri kimi öz tarixi kimliyinə qovuşur. Burada Zəfər parkının təməli qoyuldu, "Bulud" hotelinin açılışı baş tutdu. Eyni zamanda, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikində aparılan işlərlə tanışlıq da diqqət çəkən məqamlardan idi. Prezidentə həmçinin Əsgəran qala-kompleksinin konsepsiya layihəsi təqdim olundu.
Xocalının Ballıca kəndində isə doğma yurduna qayıdan sakinlər Prezident İlham Əliyevi alqışlarla qarşıladılar. Dövlət başçısı burada fərdi evlərin və infrastrukturun bərpası ilə tanış oldu, kənd sakini Məmməd Quliyevi evində ziyarət etdi. Bu görüş Azərbaycan xalqının öz Prezidentinə olan sarsılmaz inamının bir daha təzahürü idi. Xalq və Prezident - bir yumruq kimi!
İşğaldan azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Burada təkcə binalar tikilmir, həm də doğma yurda qayıdan insanların arzuları, ümidləri bərpa edilir. Bu, tarixin yazdığı yeni səhifədir və o səhifənin müəllifi Prezident İlham Əliyevin rəhbərliyi altında yumruq kimi birləşmiş Azərbaycan xalqıdır.
Bu birlik və əzm yalnız azad edilmiş torpaqlarda deyil, bütün ölkədə inkişaf və rifahın təməlini qoyub. Son illərdə Azərbaycanın qazandığı uğurlar hər sahədə özünü göstərir. Regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yollar, məktəblər, xəstəxanalar inşa edilir. Ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edir, qeyri-neft sektoru yüksəlişdədir, sosial proqramlar genişlənir. Əhalinin sosial rifahı yüksəlir, minimum əməkhaqqı və pensiyalar artırılır, yeni iş yerləri açılır.
Azərbaycan beynəlxalq arenada da nüfuzunu artıraraq siyasi və iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, eləcə də beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq ölkəmizin gücünü nümayiş etdirir.
Bütün bu nailiyyətlərin əsasında xalqın iradəsi və Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Azərbaycan bu gün hər bir vətəndaşı üçün daha güclü, daha firavan bir gələcəyə doğru inamla irəliləyir.
Asif Mehman meqale.com