Zərərçəkənin məhkəmədə halı pisləşdi: Mənim onda 14 yaşım var idi...

14 yaşım var idi, bunlar mənə işgəncə verdilər

Zərərçəkənin məhkəmədə halı pisləşdi: Mənim onda 14 yaşım var idi...
14 yaşım var idi, bunlar mənə işgəncə verdilər

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Ceyhun Salmanov deyib.

"Səhər oyandım ki, atışma səsləri gəlir, kəndi mühasirəyə alıb atəşə tuturdular. 14 yaşım var idi. Ayağımdan vurub, məni şikəst etdilər. İndi isə burda utanmaq əvəzinə Vaqif Xaçatryan özünə haqq qazandırmağa çalışır", deyən zərərçəkmişin halı pisləşdiyinə görə, ifadəsini davam etdirə bilməyib.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Ötən proseslərində məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.