14 ildən sonra heç-heçə seriyası

Azərbaycan Premyer Liqasının XV turu ilk oyun gününün hər iki matçında heç-heçə qeydə alınması ilə əlamətdar olub.

14 ildən sonra heç-heçə seriyası
Azərbaycan Premyer Liqasının XV turu ilk oyun gününün hər iki matçında heç-heçə qeydə alınması ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, "Araz-Naxçıvan" - "Səbail" görüşü 1:1, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması 2:2 hesabı ilə nəticələnib.

XIV turun son günündə də iki heç-heçə qeydə alınmışdı. Həmin gün "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Zirə" (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub. Yalnız 14 il əvvəl - 2009-cu dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib. XIII turun "İnter" - "Xəzər Lənkəran" və "Qəbələ" - "Qarabağ" oyunları 1:1, həmin gün baş tutan "Muğan" - "Simurq" və XIV turun "Karvan" - "Turan" görüşləri qolsuz bitib.