2 milyon pişiyi öldürəcəklər - Quşları yeyir deyə
Yeni Zelandiya hökuməti 2050 ilədək 2 milyon yarımdan çox vəhşi pişiyi məhv etməyi planlaşdırır.
meqale.com xəbər verir ki, Yeni Zelandiya hökuməti ölkənin təbii ekosisteminə böyük zərər vuran vəhşi pişiklərin sayını sıfıra endirmək üçün yeni plan açıqlayıb.
Rəsmi məlumatlara görə ölkədə təxminən 2 milyon dörd yüz min vəhşi pişik yaşayır. Bu heyvanlar yerli quşların və digər canlıların sürətlə azalmasına səbəb olur.
Yeni qərar "Yırtıcılardan Azad 2050" adlı milli strategiyanın bir hissəsidir. Təbiəti qoruma naziri Tama Potaka vəhşi pişikləri təbiət üçün çox təhlükəli yırtıcılar adlandırıb və bildirib ki, bu addım yerli növlərin qorunması üçün vacibdir.
Yeni strategiya vəhşi pişiklərin tədricən məhv edilməsini nəzərdə tutur. Bunun üçün ölkə üzrə tələlərdən tutmuş yeni texnoloji həllərə qədər müxtəlif üsullar tətbiq olunacaq. Hökumət həmçinin daha human və təhlükəsiz metodların hazırlanacağını bildirir.
Qeyd olunur ki, plan yalnız vəhşi pişiklərə aiddir. Ev pişikləri və sahibləri olan heyvanlar bu proqramdan təsirlənməyəcək.
Hökumət hesab edir ki, strategiya uğurla həyata keçirilərsə, Yeni Zelandiya təbiətinin qorunmasında böyük dönüş yaradacaq.