Agentlik süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Süni intellekt tərəfindən, yəni insanın iştirakı olmadan yaradılmış əsərlərin hüquqi subyektliyi yoxdur.

Agentlik süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi
Süni intellekt tərəfindən, yəni insanın iştirakı olmadan yaradılmış əsərlərin hüquqi subyektliyi yoxdur.

Bu barədə Milli. Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müəlliflik hüququnun subyekti insan hesab olunur.

"Ona görə də süni intellekt tərəfindən yaradılmış əqli fəaliyyətin nəticəsi (ƏFN) müəlliflik hüququnun obyekti ola bilməz, çünki o , insan-müəllif tərəfindən yaradılmayıb. Süni intellekt tərəfindən yaradılmış ƏFN qorunan obyekt hesab edilmir. Bunu bir çox ölkələr, o cümlədən Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin təcrübəsində də görmək olur. Məsələn, Rusiya Federasiyasında mövcud olan qanunvericiliyə əsasən müəlliflik birbaşa fiziki şəxslə əlaqələndirilir və buna görə də insanın iştirakı olmadan süni intellekt tərəfindən yaradılan əsərlər müəlliflik hüququ ilə qorunmur.

Amerika Birləşmiş Ştatlarında da müəllif mövcud olmadıqda müəlliflik hüquqi ilə qorunmadan imtina edilir. Amerika Müəlliflik Hüququ Sistemində yalnız insan müəllif kimi çıxış edə bilər. İnsanın yaradıcılıq töhfəsi olmadan süni intellekt tərəfindən yaradılmış əsər qorunmur. Hüquqlar yaradıcılıq töhfəsi vermiş şəxsə məxsus olur.

Çində də süni intellekt müstəqil müəllif kimi tanınmır və onun hüquqları süni intellekt sisteminin sahibi olan fiziki və ya hüquqi şəxsə məxsus olur.

Əksər ölkələrin bu sahədəki təcrübəsi də onu deməyə əsas verir ki, süni intellekt müstəqil şəkildə müəllif və ya ixtiraçı statusuna malik ola bilməz. Maşın və ya alqoritm hüquqi şəxs statusuna malik deyil, öhdəlik daşıya və hüquqlar həyata keçirə bilmir, buna görə də süni intellekt əqli mülkiyyətin hüquqi sxeminə daxil edilmir. Orijinallıq, yaradıcılıq və ixtiraçılıq insana məxsusdur.

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" nda ölkədə süni intellektin inkişaf istiqamətləri müəyyən edilir. Sənəddə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və Süni İntellekt haqqında Qanunun qəbul edilməsi və digər məsələləri əhatə edən addımların atılması planlaşdırılır. Strategiyanın prioritetləri sırasında beynəlxalq əməkdaşlıq və dünya təcrübəsinin nəzərə alınması da əks olunur. Ümumilikdə Azərbaycanın mövqeyi süni intellekti əqli mülkiyyətin qorunması ilə harmoniyada inkişaf etdirməkdir. Bir sözlə, süni intellekt vasitəsi ilə yaradılan obyektlər (əsərlər) müəlliflik hüququ ilə qorunmur.

Süni intellekt ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri  Kamran İmanovun "Süni İntellektin əqli mülkiyyətdə istifadəsi: riyazi köklərdən praktiki və fəlsəfi-hüquqi aspektlərədək" kitabından daha ətraflı məlumat əldə etmək olar. Kitabın elektron variantı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəsmi internet saytı olan copat.gov.az saytının media bölümünün nəşrlər və prezentasiyalar hissəsində yerləşdirilib".