“Aqro-Vest” Şirkətlər Qrupunun kollektivi Zəfər Günü ilə bağlı II Qarabağ savaşı şəhidlərinin məzarlarını ziyarət edib - FOTO
Artıq üçüncü ildir ki, noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd olunur. Bu gün xalqımızın və ölkəmizin tarixində ən şanlı günlərdən biri olaraq yer tutmaqdadır.
Zəfər Gününə gedən yol isə xalqımızın qəsbkar erməni ordusuna qarşı apardığı 44 günlük qanlı-qadalı döyüşdən, müqəddəs savaşdan keçir.
2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan ordusu bütün cəbhə boyu mövqelərimizə hücuma keçdi və buna cavab olaraq II Qarabağ savaşı, Vətən müharibəsi başladı.
Müzəffər ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında düşmənə qarşı sarsıdıcı savaşa başlayan Azərbaycan oğulları ölümün gözünə dik baxaraq 44 gün içində torpaqlarımızı düşmən tapdağından azad etdilər.
Bu savaşda 3000-ə yaxın əsgərimiz şəhid, minlərlə igid oğlumuz isə qazi oldu. Yalnız onların canı və qanı bahasına əsarətdə olan torpaqlarımız 30 illik işğaldan sonra öz azadlığına qovuşdu.
Bu qələbə müasir hərb texnologiyalarının tətbiqilə qazanılan savaş olaraq dünyanın diqqət mərkəzinə gəldi və ayrı-ayrı ölkələrdəki hərb məktəblərində tədris edilməyə başladı.
Vətən müharibəsindən az sonra Bakıdakı "Azadlıq" meydanında qələbə paradı keçirildi. Məhv edilən düşmən hərbi texnikasından ibarət "Qənimətlər parkı" yaradıldı.
Bu il sentyabrın 19-20-də Xankəndi və ətrafındakı erməni silahlı dəstələrinə qarşı keçirilən birgünlük anti-terror əməliyyatı ilə torpaqlarımız həmişəlik erməni separatçılarından təmizləndi. Bununla da Azərbaycan öz ərazisində suverenliyini bərpa etdi, bütün torpaqlarımızda bayrağımız ucaldıldı.
Hələ 44 gün öncə "Aqro-Vest" Şirkətlər Qrupunun kollektivi Zəfər Gününün başlanğıcı sayılan 27 Sentyabr Anım Gününü şəhidlərimizə dərin ehtiramla qeyd etdi, igid əsgərlərimizin baş qəhrəmanı olduğu "Şuşa, sən azadsan" sənədli filmini izlədi.
Noyabrın 7-də isə "Aqro-Vest" Şirkətlər Qrupunun əməkdaşları Zəfər Günü ilə bağlı II Fəxri Xiyabana gedərək Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi, qəbirləri üzərinə əklil və gül dəstələri qoydu.
Şirkət əməkdaşları bu ziyarətin müqəddəs şəhidlərimizin qəhrəmanlıq və fədakarlıqları qarşısında insani borc olduğunu bildirdilər.
Zəfərin mübarək, Azərbaycan!