Avropa Azərbyacan Məktəbində “Zəfər Günü” və “Bayraq Günü” böyük coşqu ilə qeyd olundu - FOTO
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsinin 3-cü ildönümü bütün ölkə miqyasında təmtəraqlı şəkildə bayram edildi. Yurdumuzun hər yerində 8 Noyabr- "Zəfər Günü" milli birlik, azadlıq, haqq və ədalətin bərpa edilməsi rəmzi olaraq böyük coşqu ilə qeyd edildi. Bu müqəddəs amal uğrunda qəhrəmanlıqla döyüşərək canlarını fəda edən şəhidlərimizin, döyüş meydanında sona qədər vuruşün qazi, əsgər və zabitlərimizin milli ruh və rəşadəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
8 Noyabr "Zəfər Günü" və 9 Noyabr "Bayraq Günü"nə həsr olunmuş möhtəşəm tədbirlər bütün şəhər və kəndlərimizdə rəngarəng görüntülərlə yadda qaldı.
O cümlədən, Avropa Azərbaycan Məktəbində "Zəfər Günü" və "Bayraq Gününə" həsr olunmuş tədbir təşkil olundu.
Məktəbin ibtidai korpusunda bütün siniflərin iştirakı ilə "Zəfər Bayramı və Bayraq Günü" tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan ibtidai təhsil pilləsinin rəhbəri Kamilla Orucova şagirdlərə bu möhtəşəm bayramların qeyd olunmasının əhəmiyyəti barədə məıumat verdi. Daha sonra səhnəyə dəvət olunan məktəbin direktoru Françesko Bankini əlamətdar bayramlar münasibətilə bütün məktəb kollektivini təbrik etdi və qəhrəmanlıq, azadlıq, birlik bayramı olan "Zəfər Günü" və "Bayraq Günü"nün mahiyyəti haqqında fikirlərini bölüşdü.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Ardınca Erkən Təlim Mərkəzinin şagirdləri və məktəblilər vətənpərvərlik, azadlıq, milli birlik, müstəqillik, qəhrəmanlıq və bayrağımıza həsr olunmuş mövzularda şeir, nəğmə ifa etdilər, rəqs və mövzu ilə bağlı müxtəlif fəaliyyətlər nümayiş etdirdilər. Şagirdlərin böyük həvəslə, vətənpərvərlik hissi ilə nümayiş etdirdikləri ifalar onların bayrağımıza, azadlığa, haqq və ədalətə qarşı olan hörmətlərinin təcəssümü idi.
Orta məktəb korpusunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Françesko Bankini çıxış edərək şagirdləri və məktəb əməkdaşlarını bayram münasibətilə təbrik etdi və "Zəfər Günü"nün ölkəmizin tarixində xüsusi yeri olan əhəmiyyətli tarix olduğunu vurğuladı. Daha sonra cənab Bankini şagirdlərə tövsiyyə edərək bildirdi ki, bu zəfəri və ölkəni qorumaq və ölkəni daha parlaq gələcəyə aparmaq üçün onların yaxşı təhsil alıb dövlətlərinə xidmət etməkləri lazımdır.
Daha sonra şagirdlər "Zəfər Günü"nə həsr edilmiş vətənpərvərlik mövzusunda şeir, rəqs və səhnəciklər nümayiş etdirdilər.
Direktor F. Bankini məktəbin əməkdaşları olan və I Qarabağ müharibəsində iştirak etmiş Əkbər Hüsüyev və Bəylər Eminovu səhnəyə dəvət edərək onlara xüsusi təşəkkür etdi. Onlar da döyüş xatirələrini və müharibə dövrünün çətinliklərini auditoriya ilə bölüşdülər və gənclərə tövsiyyə edərək Vətən uğrunda çalışmağın, xidmət etməyin müqəddəs vəzifə olduğunu qeyd etdilər.
Allah Şəhidlərimizə rəhmət etsin!
"Zəfər Günü" və "Bayraq Günü" bayramınız mübarək olsun!