Azərbaycanda kişi "WhatsApp" statusuna görə cərimələndi
Sabirabadda kişi "WhatsApp"ın hekayə (status) bölməsində etdiyi paylaşım səbəbindən saxlanılıb.
meqale.com lente istinadla xəbər verir ki, rayonun Qaralar kənd sakini, 39 yaşlı Fərid Mövsümov (ad və soyad şərtidir) "WhatsApp" mobil tətbiqində "125 nömrəli YPX avtomobilinin videosu kimdə varsa, göndərin" məzmunlu status paylaşaraq, həmin avtomobilin görüntülərini axtarıb. Onun paylaşımının səbəbini öyrənmək üçün Fərid rayon Dövlət Yol Polisi Bölməsinə dəvət olunub. Lakin burada o, yol polisi inspektorları ilə mübahisə edib və onların qanuni tələblərinə tabe olmayıb.
Etdiyi hərəkətə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə protokol tərtib edilib.
İnzibati icraat zamanı Fərid Mövsümov bildirib ki, 125 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili onun şəklini çəkib. Ona görə də həmin YPX avtomobilinin görüntülərini tapmaq üçün bu barədə status paylaşdığını, lakin qısa müddət sonra paylaşımı sildiyini qeyd edib:
"Əvvəlcə rayon Polis Şöbəsinə dəvət olundum. Sonra məni DYP-yə göndərdilər. Orada statusumun səbəbini izah edəndə mənə irad bildirildi. Buna görə əsəbiləşdim".
Fərid Mövsümov əməlindən peşman olduğunu, iki azyaşlı övladı olduğunu və ilk dəfədir ki, belə bir xəta törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilib.