Azərbaycanda Prezident seçkilərində seçici fəallığı yüksək idi - Oracle Məsləhət Qrupu
Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı çox yüksək idi.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə Amerikanın "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Corc Birnbaum bildirib.
"Artıq səhər saatlarından seçici fəallığı yüksək idi ki, bu da prosesə böyük təkan verdi. Düşünürəm ki, insanlar səsvermədə həyəcanlı idilər və çoxlu sayda səs verməklə seçəcəkləri namizədlərə dəstəklərini nümayiş etdirdilər".
Qeyd edək ki, Amerikanın "Oracle Advisory Group" təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə Azərbaycanda prezident seçkiləri zamanı keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.
Belə ki, təşkilatın məlumatına görə, çərşənbə günü keçirilən Azərbaycanda prezident seçkilərində seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Seçicilərin 1,8 faizi Zahid Oruc, 1,5 faizi Fazil Mustafa, 1,2 faizi Qüdrət Həsənquliyev, 0,9 faizi Razi Nurullayev, 0,4 faizi Elşad Musayev, 0,3 faizi Fuad Əliyevə səs verib.
Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkilərində səsvermə keçirilib.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
Xatırladaq ki, seçici siyahısında 6 milyon 478 min 623 nəfər var. Onlar ölkə üzrə 6537 seçki məntəqəsində səs veriblər.
Xaricdəki Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarında 49 seçki məntəqəsi yaradılıb.
Seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.