Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub. Axşam boyu səslənən əsərlər musiqisevərlərə incəsənətin dərinliyini və emosional zənginliyini bəxş edib.
Birinci hissə Dmitri Şostakoviçin violin və piano üçün dörd prelüdü ilə başlayıb. Əsərin Dmitri Sıqanov tərəfindən işlənməsi dünya şöhrətli ifaçılar Dmitri Sitkovetski (violin, Böyük Britaniya) və Bakı Musiqi Akademiyasının rektoru, professor, Fərhad Bədəlbəylinin (piano) təqdimatında səslənib. Ardınca görkəmli bəstəkar Qara Qarayevin violin və piano üçün yazdığı dördhissəli sonata və məşhur "Yeddi gözəl" baletindən "Adajio" və "Vals" ifa olunub.
İkinci hissədə Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Polad Bülbüloğlunun "Qızların rəqsi", "Şərq rəqsi" və "Yallı" kimi simfonik rəqsləri milli musiqi ruhunu dinləyicilərə aşılayıb. Daha sonra bəstəkarın violin və orkestr üçün üçhissəli konsertini solist Dmitri Sitkovetski böyük peşəkarlıqla təqdim edib.
Konsert festivalın ən yaddaqalan anlarından biri kimi qeyd olunub və sənətsevərlərin gur alqışları ilə başa çatıb. Bu musiqi axşamı həm
Azərbaycan, həm də dünya musiqi irsinin möhtəşəm sintezini əks etdirərək,festivalın incəsənət tarixində özünəməxsus iz qoyub.