Bakı və Abşerondakı bu binalara çıxarışlar verilməyəcək
Bakı şəhərində və Abşeron rayonunda mənzilləri çıxarışla təmin olunmayan bir çox yaşayış binaları mövcuddur. Onların arasında inşası tamamlanan və hətta istismara verilən binalar da var. İstismara verilən mənzil sahibləri isə illərdir çıxarışlarını ala bilmirlər.
meqale.com xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, çıxarış verilməyən binaların müəyyən problemləri mövcuddur.
Onun sözlərinə görə, bu problemlərin hələ də həll olunmaması çıxarışla bağlı məsələni uzadır. Ekspert bildirib ki, əsas problemlərdən biri təhlükəsizliklə bağlıdır:
"Hansı ki, həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib. Çünki həmin binaların davamlılığı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri ilə təmin olunmayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu binaların çıxarışla təmin olunması mümkün olmayacaq".