Bakıda bu yolda piyadalar maşınlardan "bərk" gedir
Bakının ritmi var, amma o ritm hər gün pik saatlarda itir. Azadlıq prospektindən Rəsulzadə qəsəbəsinə doğru irəliləyən 750 metrlik yol da həmin o susqun dəqiqələrin əsiridir.
Cəmi 750 metrlik məsafəni hər gün axşam saatlarından keçmək minimum 40 dəqiqəyə başa gəlir.
Bu iki rəqəmi yan-yana qoyanda adama elə gəlir ki, nəsə səhvlik var. Xeyr. Hesablama aparanda hərəkət sürəti saatda 1 km edir. Hansı ki, bu sürət ilbizə və tısbağaya xasdır.
Tıxacda dayanan maşınların içində qəribə bir sakitlik yaranır. Sükan arxasında oturan adamlar sanki yol getmir, ömür itirir. Yan pəncərədə bir uşaq darıxır, arxa oturacaqda kimsə başını əllərinin arasına alıb düşünür, ön tərəfdə kimsə saatına baxıb gülümsəməyə çalışır, amma alınmır.
Çünki 750 metr üçün 40 dəqiqə artıq yol deyil, həyatın kiçik parçasıdır, itirilmiş zamanın özüdür.
Tıxac təkcə maşınla irəliləməyin dayanması deyil. Tıxac fikir axınının dayanmasıdır. Planların gecikməsidir. Söhbətlərin təxirə düşməsidir. Günün məhsuldar dəqiqələrinin əriyib getməsidir.
Bəzən elə gəlir ki, bu 750 metr heç vaxt bitməyəcək. Amma bitir. Sadəcə, insan yolun sonuna çatanda gördüyü mənzərə belə olur:
Həyat davam edir, amma o 40 dəqiqə geri qayıtmır.
Tıxacın ən acı realityası da budur. Vaxtı əlindən alır və heç nə demədən yoluna davam edir...