Blinken bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək - Dövlət Departamenti
ABŞ dövlət katibi Entoni Blinken bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə bildirib.
"Biz danışıqların konstruktiv keçdiyinə inanırıq. Katib yenidən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, iyunun 27-də ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.
İlk gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Entoni Blinken bağlı qapılar arxasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdən sonra E.Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər 4-5 saat fasilələrlə davam edən ikitərəfli formatda danışıqları davam etdiriblər.
İkinci gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Bundan sonra iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.
Blinken bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində iki ölkənin xarici işlər nazirləri ilə yekun plenar iclasda iştirak edəcək.
meqale.com