"Bozqurd işarəsi ilə qürur duymaq yanlışdır" - Fazil Mustafa
Hüquqşünas Əkrəm Həsənov Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında Bozqurd işarəsi göstərməsini tənqid edib. Hüquqşünasın qurd və it totemlərinin qədim türklər və monqollara xas olduğunu, Azərbaycan xalqının mütləq əksəriyyətinin isə avropeid olduğunu deməsi müzakirəsiz ötüşməyib.
meqale.com xəbər verir ki, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə deyib ki, Bozqurd işarəsi, sadəcə, totemdir və insanların totemə münasibətidir:
"Bu, qədimdən gələn münasibətdir. Kimsə totemi qəbul etməyə, fərqli yanaşa bilər. Məsələn, dindarlar özlərində "Rabia" işarəsi, yaxud tək barmaq qaldırmağı icad etmişdilər. Baxışlar fərqli ola bilər, demokratik cəmiyyətdə bunu normal qəbul etmək lazımdır. Kimsə öz totemini bu cür qəbul edirsə, niyə qarşısı alınmalıdır? Niyə ona qarşı mənfi münasibət bildirilməlidir? Bozqurd işarəsinin niyə azərbaycanlılara dəxli yoxdur? Azərbaycanlıların müəyyən qismi özünü avropoid hesab edə bilər. Bu, onların öz seçimidir. Müəyyən qismi isə totemlərə hörmət göstərə bilər. Bu, hansısa şəkildə siyasi məna daşımır, lakin mədəni məna daşımalıdır. Bozqurd totemini inkar etmək, "bizə dəxli yoxdur" demək tamamilə absurddur. Təbii ki, bizə dəxli var. Kimsə bizə dəxli olmadığını hesab edirsə, buna da normal yanaşılmalıdır. Elə xalqlar var ki, türk totemini özününkü hesab etmir. Məcburi deməyəcəyik ki, sən də özününkü hesab etməlisən. Məncə, bunun mübahisə ediləcək tərəfi totemi inkar etməkdir. Yəni azərbaycanlılardan özünü türk, hətta monqollara bağlı hesab edən müəyyən təbəqə var, Bozqurd totemini qəbul edə bilirlər. Burada hansısa siyasi çalar axtarmaq lazım deyil".