Bu, bütün Azərbaycan üçün tarixi prosesdir - Gürcüstan parlamentinin nümayəndəsi

Prezident seçkiləri bütün Azərbaycan üçün tarixi prosesdir.

Bu, bütün Azərbaycan üçün tarixi prosesdir - Gürcüstan parlamentinin nümayəndəsi
Prezident seçkiləri bütün Azərbaycan üçün tarixi prosesdir.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan parlamentinin nümayəndəsi Arçil Talakvadze 35 saylı Xətai üçüncü seçki dairəsinin 55 saylı orta məktəbdə təşkil olunmuş 10 saylı seçki məntəqəsində bildirib.

"Biz parlamentin dəvəti ilə Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə etmək üçün buradayıq. Biz sizin demokratiyanıza dəstək olmaq üçün buradayıq və artıq 20-dən çox seçki məntəqəsində olmuşuq", - o vurğulayıb.

Gürcüstan parlamentinin nümayəndəsi qeyd edib ki, proses sakit şəraitdə və bütün qaydalara uyğun gedir.

"Biz yüksək fəallığı müşahidə edirik və Azərbaycana demokratiyanın və rifahın möhkəmləndirilməsində daha da irəliləyiş arzulayırıq", - deyə o qeyd edib.

O əlavə edib ki, ərazi bütövlüyü bərpa olunandan sonra ölkənin bütün vətəndaşları artıq növbədənkənar Prezident seçkilərində səs verirlər.

"Bu, təkcə demokratiyanın xeyrinə deyil, həm də davamlı sülhün, Azərbaycanın daha güclü siyasi sisteminin lehinə olan seçkidir. Beləliklə, Gürcüstan Azərbaycanı, onun davamlı sülhünü, gələcək tərəqqisini və inkişafını dəstəkləyir", - deyə Gürcüstan parlamentinin nümayəndəsi bildirib.

O əlavə edib ki, günün sonunda səsvermə prosesi başa çatdıqdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək və orada yekun hesabatlar veriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.