Bu üç qida sizi daha ağıllı edəcək
"Zehni performansı artırmağın qızıl üçlüyü balıq, qoz və yumurtadır"
meqale.com xəbər verir ki, bunu Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran bildirib.
O, balanslı qəbul edildikdə neyro-qidaların yaddaşı gücləndirdiyini, diqqəti artırdığını və beyin sağlamlığını qoruduğunu söyləyib.
Liv Hospital Ankara-nın terapevti Dr. Elif Başaran izah edib ki, sinir sistemi sağlamlığını qoruyan və zehni funksiyaları dəstəkləyən bəzi qidalar "neyro-qidalar" adlanır. Onun sözlərinə görə, selen, sink, Omega-3 yağ turşuları və kofein bu qidaların başında gəlir. Bu maddələr diqqət, yaddaş və reaksiya sürətini artırır. Əksinə, neyro-qida çatışmazlığı yorğunluq, diqqət pozğunluğu, narahatlıq və depressiyaya səbəb ola bilər. Dr. Başaran xəbərdarlıq edib ki, bu qidaların həddindən artıq qəbulu da zərərlidir və balanslı şəkildə, həkim nəzarətində alınmalıdır.
Mütəxəssis selenin beynin oksidləşmə stresini azaltdığını və immunitet sistemini gücləndirdiyini bildirib. Aşağı səviyyəli selenin narahatlıq, depressiya və zehni geriləmə ilə əlaqəli olduğunu vurğulayıb. Sinkin də yaddaş və öyrənmə prosesində mühüm rol oynadığını qeyd edib. Sink azlığı diqqət pozğunluğu və Alzheimer riskini artıra bilər.
Kofeinin diqqəti topladığını və oyanıqlığı artırdığını bildirən Dr. Başaran əlavə edib ki, orta miqdarda qəhvə və yaşıl çay içmək demans riskini azalda bilər, lakin çox qəbul edildikdə yuxu pozuntuları və narahatlıq yarada bilər.