Dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Bülbül Vokal Məktəbi" adlı konsert hərarətlə qarşılanıb – VİDEO - FOTO
Azərbaycan Vokalçıları III Beynəlxaq Festivalı çərçivəsində dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Bülbül Vokal Məktəbi" adlı konsert proqramı keçirilib.
Konserti giriş sözü ilə açan Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu festivalın ideya müəllifi, bədii rəhbəri Əməkdar artist Ramil Qasımova dahi Bülbülün adını yaşatdığı üçün dərin təşəkkürünü bildirib. O qeyd edib ki, Əməkdar artist Ramil Qasımovun müəllimi Xalq artisi Mobil Əhmədov Bülbülün tələbəsi olub. Polad Bülbüloğlu Ramil Qasımovu məhz Bülbül Vokal Məktəbinin ənənələrini davam etdirdiyi üçün Bülbülün nəvəsi adlandırıb.
Daha sonra festivalın ideya müəllifi, bədii rəhbəri Əməkdar artist çıxış edərək Bülbül Vokal Məktəbinin əhəmiyyətindən, ənənələrindən söhbət açıb. Həmçinin Əməkdar artist Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Konsert Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin ifasında "Koroğlu" operasından Uvertüra və Çənlibel xoru ilə başlayıb.
Konsertdə Azərbaycanın xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, əməkdar artistlər İlahə Əfəndiyeva, Ramil Qasımov, Fəridə Məmmədova, Elnarə Məmmədova, Anton Ferştandt, İnarə Babayeva, solistlər Mahir Tağızadə və Taleh Yəhyayevin ifasında Azərbaycan operalarından ariyalar səsləndirilib.
Sonda ilk dəfə musiqisi bəstəkar Faiq Sücəddinova, sözləri İlqar Fəhmiyə məxsus Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Rekviem" Atəş Qarayev və Lalə Sultanlının ifasında təqdim edilib.