Dörd komponent növbədənkənar prezident seçkilərini zəruri edir - Yunus Oğuz

"Yeni geosiyasətdə hər kəs maraqlıdır ki, Azərbaycanda etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan, eləcə də etibarlı lider olsun" 

Dörd komponent növbədənkənar prezident seçkilərini zəruri edir - Yunus Oğuz
"Yeni geosiyasətdə hər kəs maraqlıdır ki, Azərbaycanda etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan, eləcə də etibarlı lider olsun" 

"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi zəruri idi. Çünki dünyada və regionda yeni geosiyasi vəziyyət yaranıb. Təbii ki, bu yenilik seçkiləri zəruri edir. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Yeni dönəmdə isə xalqdan yeni mandat almaq lazımdır. Prezident sadəcə seçkinin vaxtını tezləşdirməklə seçkiləri sürətləndirib. Bu onunla əlaqəlidir ki, artıq geosiyasi vəziyyət elə bir dönəmə çatıb ki, Azərbaycan etibarlı geosiyasi məkandadır. Bunu isə  təsdiq etmək lazımdır. Bu gün Azərbaycan etibarlı geosiyasət, etibarlı məkan, təhlükəsiz məkan və etibarlı lider kimi komponenti özündə birləşdirir". meqale.com xəbər verir ki, bunu "Olaylar" qəzeti və eyni adlı  İnformasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, hələ 2018-ci ildə seçkilərin vaxtı dəyişdirilərək noyabr ayından aprel ayına keçirildi: "Bunun səbəbi  o idi ki, yay aylarında Azərbaycana qarşı kifayət qədər təxribatlar başlayacaqdı. Sonradan Mingəçevir Su Elekrtik Stansiyası partladıldı, Gəncədə polis polkovniki güllələndi, Sumqayıtda dini məsələlərlə bağlı aksiyalar keçirildi və sair. Bunların hamısı hazırlanmışdı ki, noyabr ayında prezident seçkiləri ərəfəsində  narazılıq yaratsınlar. İndi də daxili və xarıcı prosesləri təhlil etdikdə görürsən ki, bu gün Azərbaycan saydığım dörd komponentdə birləşərək yeni dönəmə qədəm qoyur. Nəzərə alaq ki, bizim həm də müəyyən hədəflərimiz var. Əvvəl yaxın hədəfimiz Qarabağ idi, indi yaxın hədəfimiz Zəngəzurdur. Belə demək mümkündürsə, hədəflərimiz artıq dəyişib. Yeni geosiyasətdə isə hər kəs maraqlıdır ki, Azərbaycan etibarlı, təhlükəsiz məkan olsun. Etibarlı lider olsun ki, Avrasiya məkanında "Bir kəmər, bir yol" məsələsində Azərbaycandan rahat keçə bilsinlər. Əminəm ki,  buna nail olacağıq. O baxımdan növbədənkənar prezident seçkilərin keçirilməsi düz vaxtına düşüb. Hələ demirəm ki, əgər seçkilər 2025-ci ilin aprel ayında keçirilsəydi, antiAzərbaycan qüvvələr ölkəni qarışdırmaq üçün hansı təxribatları hazırlamışdılar". 

Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi Güney Qafqazda liderliyi boynuna götürməkdir: "Artıq bu istiqamətdə proses gedir və təsdiqini də tapır. Məsələn, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu o deməkdir ki, təhlükəsiz məkan və etibarlı məkan öz təsdiqini tapır. Artıq dünya bütün beynəlxalq tədbiri  Azərbaycanda keçirmək istəyir. Amma daxildə vəziyyət tamamilə başqadır. Məsələ ondan ibarətdir ki, Azərbaycanın daxilində prezidentliyə namizəd olmaq istəyənlər buna hazırdırlarmı? Hələ ki, bir siyasi partiya cəsarət edib öz namizədini irəli sürməyib. Yadıma bir lətifə düşdü: "Biri hallanaraq  küçəyə çıxır və görür ki, uzun növbədir, quru balıq satırlar. Növbəyə dayanır və  növbəsi çatanda bunun üçün tərəziyə bir əyri balıq atırlar. Həmin şəxs bunu görüb deyir ki, "nə oldu, əyri balıq elə mənə qaldı?". Satıcı da deyir ki, "bunu döngədə tutublar". İndi prezident seçkiləri elan etməklə prezidentlyə namizədlərı də döngədə tutublar. Özləri də bilmirlər nə etsinlər, namizədliklərini versinlər, ya verməsinlər. Onu də nəzərə alaq ki, hazırda İlham Əliyevin reytinqinin ən pik səviyyəsidir. Niyə də seçkilərə getməsin? 

Qarabağ əhalisinin bir qismi əvvəllər İlham Əliyevə səs vermirdi. İndi İlham Əliyevin ən böyük elektoratı oradadır. İnsanları doğma yurduna köçürür, ev tikir, təmir-bərpa işləri həyata keçirilir, insanlara əkib-becərmək üçün torpaq verir, iş yerləri yaradır. O vaxt Qarabağdan təxminən 700 minə qədər vətəndaş qaçqın kimi gəlmişdisə, indi ötən otuz ildə iki nəsil dəyişib. İndi hesablamalara görə, orada haradasa bir milyon iki yüz min əhali  olmalıdır. Bu baxımdan İlham Əliyev üçün ən böyük elektorat qarabağlılardır.  Təbii ki, problemlər hələ də var. Yadıma gəlir ki, ötən əsrin 60-cı illərində İkinci Dünya müharibəsindən 20 il keçmişdi, lakin müharibənin fəsadları bitib-tükənmək bilmirdi. Lakin Azərbaycan cəmi üç ilə görün nələr edib".