Ermənistan Azərbaycana savaş açır - Müasir müharibə növü
Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən, ərazi bütövlüyümüzün təmin olunmasından sonra ölkəmizə qarşı təzyiqlər artıb. Paşinyanın yazıq görkəm alaraq Qərbə sığınmasından sonra bu kimi fəaliyyətlər daha da güclənib. Azərbaycanın COP29 kimi mühüm, beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etdiyi dövrdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar daha da fəallaşıblar.
Azərbaycana döyüş meydanında məğlub olan Ermənistan hazırda çətin günlər yaşayır. Onlar məğlubiyyəti həzm edə bilmirlər. Bu səbəbdən də onlar Azərbaycana qarşı hibrid savaş açıblar. Ermənistana bu yolda dəstək olanlar da çoxdur. Azərbaycanın uğurlarını gözü götürməyən, Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə çalışan Fransa Ermənistana dəstək olan ölkələr sırasında liderdir. Erməniyə ermənidən daha çox canıyanan Makron öz qərəzini Azərbaycana qarşı siyasətdə aşkar şəkildə göstərir.
Ermənipərəst ekspertlər, siyasətçilər, satın alınmış şəxslərin açıqlamaları, xüsusən də son günlərdə dərc edilən Azərbaycana qarşı ittiham dolu fikirlər Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin bir hissəsidir. Real cəbhədə Azərbaycana məğlub olan Ermənistan bu yolla üstünlüyü ələ almağa çalışır. Onlar Azərbaycanla bağlı beynəlxalq informasiya məkanında neqativ gündəm formalaşdırılıb.
Məsələn, Almaniya Bundesdaqının üzvü, özünün Azərbaycanafobiya, türkafobiya fikirləri ilə tanınan və erməni lobbisinin əlində oyuncağa çevrilən Frank Şvabenin ölkəmiz barəsində apardığı qarayaxma kampaniyası, Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləməsi, Xarici QHT-lərin vasitəsilə Azərbaycana qarşı kampaniya aparılması, Ermənistanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ( USAİD ) görüşlər keçirməsi və başqa bu tərz davranışlar savaşın müasir formasının tərkib hissəsidir.
Maraqlısı budur ki, ermənilərin təsir altına aldığı şəxslərin demək olar ki, hamısının adı korrupsiya qalmaqalında hallanır. Məsələn elə Frank Şvabenin özü korrupsiyaya bulaşmış, USAİD-in rəhbəri Samanta övladının adını "erməni soyqırımı"nın şərəfinə adlandıran, Ruben Vardanyanla yaxın dostluq münasibətində olan, onun tədbirlərində çıxış edən bir şəxsdir. Eləcə də, ermənilərin pulla satın aldığı bu kimi şəxslərdən ibarət siyahını daha da uzatmaq olar.
Erməni diasporunun muzdla tutduğu şəxslərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Okampodur. Hansı ki, o, bir vaxtlar Qarabağda "humanitar böhran" şousunun əsas təbliğatçılarından idi. Erməni lobbisindən aldığı tezisləri ictimaiyyətə ermənilərə sərf edən tərzdə təqdim edən Okamponun da qaranlıq keçmişi var. O, həyatındakı bəzi şübhəli məqamları müxtəlif yollarla gizlətməyə çalışsa da, bəzi qanunsuz əməlləri mətbuata sızıb. Məsələn, Almaniyanın nüfuzlu "Spiegel" nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın adları keçir. Digər fakt isə onun BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Hollandiyanın ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülməsi ilə bağlıdır. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən "Tain Bay" korporasiyası tərəfindən Avropaya göndərilmişdi.
Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokurorunun qanunsuz əməllərindən bəhs etmişkən Ermənistanın "dost" adlandırdığı Rusiyanı bu məhkəməyə verməsi də xüsusi diqqət çəkir. Belə ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunur. Yəni, Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır. Ermənistanın Roma statutuna qoşulması bu gün Rusiya və bu ölkənin rəhbərliyinə qarşı addım olsa da, dünənə qədər özünü Rusiyanın "müttəfiqi" elan edən Ermənistanın gələcəkdə bu statuta qoşulmaqdan Azərbaycana qarşı da istifadə etməyəcəyinə zəmanət yoxdur. Rusiyanın qəbuluna düşmək üçün günlərlə qapıda gözləyən Ermənistan ola bilsin qarşıdan gələn dövrdə Azərbaycan bir sıra təhdidlər və sürprilzərlə qarşı-qarşıya qoya bilər. Biz də bunu gözardı etməməli, düşmənimizin bizə "altdan-altdan" müharibə etməsinin sürprizlərinə hər baxımdan hazır olmalıyıq.
Bəxtiyar Umarlı meqale.com