Eybəcər “doğruların” nağılı
Biri vardı, biri yoxdu, məhəllədə Adıbala adlı dəcəl bir uşaq vardı. Bu uşaq o qədər dəcəl və xeyirsiz bir uşaq idi ki, nəinki məhəllənin balaca uşaqları, hətta böyüklər belə ondan uzaq gəzirdi. Çünki Adıbala səhər kimin qarşısına çıxsaydı, o gün onun işləri tərs gedərdi. İş burasındadır ki, Adıbalanın ağzından heç kim hələ xoş söz eşitməmişdi. 8 yaşında olmasına baxmayaraq, məhəllədə acı və tərbiyəsiz sözləri ilə məşhur olmuşdu. Maraqlıdır ki, hələ bununla da fəxr edirdi. Birinin keyfini pozmaqdan həzz alırdı. Buna baxmayaraq valideynləri ona böyük ümid bəsləyirdi. Ona həmişə "Sən gələcəkdə böyük bir insan olacaqsan" - deyirdilər. Bu da Adıbalaya xüsusi özgüvən verirdi və o da öz parlaq gələcəyinə inanırdı. Özünü məhəllənin, və hətta oxuduğu məktəbin qəhrəmanı sayırdı..
                        Bu arada Adıbala ikinci sinifdə oxumasına baxmayaraq, məktəbdə də məşhur olmuşdu. Sinifdə bütün şagirdlər ondan qaçırdı. Müəllimlər də ona nəsihət verməkdən yorulmuşdular. O qədər nəsihət verirdilər ki, dərslərin yarısı Adıbalanın tərbiyəsinə həsr olunurdu...
Adıbalanın özündən 5 yaş böyük qardaşı var idi. Boksa gedirdi. Ona görə o hamını qardaşı ilə qorxudaraq həm məhəllədə, həm də məktəbdə hegemonluq etməyə çalışırdı. Və uşaqların çoxu onunla dostluq etməsə də, ondan çəkinirdilər. Bu isə Adıbalaya həmyaşıdları üzərində "xüsusi hakimiyyət" verirdi. O da bu "hakimiyyətdən" məharətlə istifadə edirdi - uşaqları qorxu içərisində saxlamaq, onları ələ salmaq, məhəllə oyunlarında kimin hansı rolu oynayacağına qərar vermək, uşaqlara ağıl vermək, "həyatı anlatmaq" və s. Maraqlıdır ki, uşaqlar Adıbalanı sevməsələr də, onun hər dediklərinə inanırdılar, sanki həyatı ondan öyrənirdilər. Məsələn, bir dəfə Adıbala uşaqların içində demişdi ki, "Yolda yeriyəndə hər hansı bir cızığın üzərinə ayaq basmayın, yoxsa atanız və ya ananız ölər". Ona görə məhəllədə uşaqların hamısı bu "qanuna" riayət edirdi...
Nədənsə Adıbala mərdiməzarlığından əl çəkə bilmirdi. Məhəllədə nə pis şey olurdusa, elə birinci Adıbalanın adı hallanırdı. Hamı bir ağızdan deyirdi ki, "Bu Adıbalanın işidir". Məhəllədə pişiklərə işgəncə verilməsi, pəncərələrin daşla vurulub qırılması, balaca uşaqların incidilməsi, uşaqların velosipedlərinin təkərlərinin deşilməsi, uşaqlara söyüşlərin öyrədilməsi, qız uşaqlarının saç hörüklərinin dartılması və digər narahatçılıq doğuran şeylər həmişə Adıbalanın adı ilə bağlı olurdu. Adıbalanın velosipedi yox idi. Anasına hər gün yalvarsa da, almırdılar. Ona görə onun hayıfını başqa uşaqların velosipedlərinə zərər vurmaqla çıxarırdı. Öz adından zəhləsi gedirdi, amma məhəllədəki digər bütün uşaqların adına lağ edirdi, o adlara özündən gülməli ayamalar qoşurdu, onları ələ salırdı. Yumor hissi onda tərsə-mayallaq işləyirdi. Nədənsə Adıbalanın güldüyü şeyə heç kim gülmürdü. Amma o məhəllədəki uşaqların hər şeyini məsxərəyə qoyub gülürdü. Birinə "gombul", birinə "şələqulaq", birinə "pəltək", digərlərinə "eynəkli meymunça", "xallı pişik", "cırtdan boy" və bunun kimi təhqiredici sözlər deyərək onlara istehza edirdi. Bu sözləri deyəndə o qədər gülürdü ki, səsi məhəlləni götürürdü. Məhəllənin ən balaca gözəl-göyçək mavi gözlü qızına da "göy göz kosa" deyərək onu hər gün ağladırdı. Yazıq qızcığaz hər gün küskün baxışlarla anasına "Ana, mən niyə gözəl deyiləm?" sualını verərək, təskinlik almaq istəyirdi. Anası nə qədər ona çox gözəl olduğunu desə də, qızcığaz "Axı Adıbala mənə deyir ki, mavi gözlü uşaqlar kifir olur" - deyə ağlayırdı..
Adıbalanın ən çox sevdiyi məşğuliyyəti isə, məhəllədə əlil bir uşağa səhərdən axşama qədər əziyyət vermək, onun axsamağına lağ eləmək, onu qəsdən itələyib yıxmaq və yıxılanda da ona gülmək idi. Adıbala ona "Çolaq ördək" adını vermişdi. Bununla belə anası həmişə Adıbalanın düzələcəyinə və gələcəkdə böyük bir insan olacağına inanırdı. Sadəcə onunla məşğul olmağa vaxtı yox idi.
Bəli, belə bir uşaq idi bizim bu Adıbala...
Üstündən 25 il keçdi...
Adıbalagilin məhəlləsindən olan bir uşaq artıq böyümüşdü. 32 yaşı var idi. Uşaqlıqdan çox tərbiyəli və zəkalı olduğuna görə hər şey ilə maraqlanan nadir bir xarakterə malik idi. 4 xarici dili mükəmməl bilirdi. Ən sayılıb seçilən bir universiteti qırmızı diplomla bitirmişdi. Ölkəni bir neçə beynəlxalq olimpiadalarda yüksək göstəricilərlə təmsil etmişdi. Bir neçə böyük layihələrə imza atmışdı. 32 yaşı olmasına baxmayaraq tanınmış bir şirkətdə məsul bir vəzifəni ona tapşırmışdılar. Şöbə müdürü idi. Paytaxta köçmüşdü. Hələ bu yaşda özünə gözəl bir ev də almışdı. Bir neçə xarici dövlətlərdə olmuşdu. Bu oğlan gənc olmasına baxmayaraq 3 kitabın müəllifi idi. Sosial mediada tanınmış bir statusa malik idi. Hamı onun gözəl danışığına, istedadına, səviyyəli davranışına və dərin bilgisinə heyran idi. 32 yaşına qədər belə bir istedad sahibi olmaq ona asanlıqla başa gəlməmişdi. Öz üzərində lazım olduğundan da çox çalışmışdı illər boyu. Həm də yaraşıqlı idi. Sadəcə qulaqları bir balaca böyük idi. Bəli, onu başa düşürdü ki, hər bir insanın sırf özünəməxsus bədən quruluşu var və bu bədən quruluşu da onu 8 milyard insandan fərqli tutur, ona xüsusi bir özəllik verir. Amma yenə də bu onu hələ də narahat edirdi. Uşaqlıqdan beynində taxılıb qalan bu kompleks hələ də onu tərk etməmişdi. Ən acınacaqlısı da o idi ki, uşaqlıq kompleksi bu yaşına qədər qazandığı bütün nailiyyətlərinin üstündən qara bir xətt çəkirdi..
Adam acı bir həqiqətlə qarşı-qarşıya idi. Bu qədər zəka və istedad sahibi beyninin dərinliklərində qalmış uşaqlıq travması ilə bacara bilmirdi. Xarici görünüşdən çox yaraşıqlı idi. "Əlçatmaz" saydığı gözəl qızların demək olar ki, hamısı onunla tanış olmaq istəyirdi. Amma o özünü nədənsə yaraşıqlı saymırdı. Kənardan insanların görə bilmədiyi "qum dənəsi" boyda balaca bir "qüsuru" o öz içində böyüdüb "Saxara səhrasına" çevirirdi. Bu mənada çox geniş fantaziyası və "bacarığı" var idi. Bir qum dənəsindən bir səhra yaratmaq hər adamın işi deyil... Dərindən baxanda isə qulağının bir balaca böyük olması "qüsur" yox, onun bir xarizması idi. O qədər gözəl aurası vardı ki, onunla ünsiyyətdə olan insan o "qüsura" heç fikir vermirdi. Heyif ki, hər şeyin öhdəsindən gəlməyi bacaran belə bir istedadlı gənc bunu başa düşməkdə çətinlik çəkirdi. Onun bir "doğrusu" var idi və ondan heç cürə əl çəkmək istəmirdi...
Beynini məşğul edən fikirlər ona rahatlıq vermirdi..
Uşaqlıq travması...
"Şələqulaq"...
Bu adı ona Adıbala qoymuşdu...
25 ilə bu problem həll olunmalıydı. Həyatındakı bütün məsələlər həll olunmuşdu, tək bu travmadan başqa... Bəli, iş o yerə gəlib çatdı ki, oğlan bu məsələni gedib atası ilə danışdı.
Atası çox imkanlı bir adam idi. Oğlu üçün hər şeyi edərdi. Onun istedadlı və yaraşıqlı olduğunun fərqindəydi, amma bunu oğluna başa sala bilmirdi. Oğlu ilə uzun-uzadı söhbət etdi, öz yaşadıqlarını anlatmağa çalışdı, buna bənzər həyat təcrübələrini oğlu ilə paylaşdı.. Amma nə fayda? Atası bütün məntiqini ortaya qoydu, amma nə etdisə, xeyri olmadı. Sonunda atası oğlunu öz atasıyla danışmağa təşviq etdi.
Oğlu babasını çox sevirdi və "bəlkə onun müdrik məsləhəti mənə kömək edər" deyə, babasıyla danışmağa razılıq verdi. Baba sevimli nəvəsi ilə görüşdü... Və nəvəsinin uşaqlıqdan beyninin içinə hakim kəsilmiş o fikirdən "möhkəmcə tutmağa" çalışdı. O fikir əməlli-başlı böyümüşdü. Çünki nəvəsi 25 ildən çox o çürük fikri bəsləmişdi. Gecə-gündüz o fikrə baxmışdı, böyüyüb qol-budaq açması üçün əlindən gələni etmişdi. Nəvəsi bu işdə də böyük "istedad" nümayiş etdirmişdi. Uşaqlıqda vurulan bir "damğa" artıq bir dərdə çevrilmişdi. Uzun sözün qısası, babası o fikirdən dartdı-dartdı, çıxara bilmədi.
Baba ömür-gün yoldaşını köməyə çağırdı. Oğlanın nənəsi gəldi. Nənə babadan, baba o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Nənə öz oğlunu köməyə çağırdı. Oğlanın atası gəldi. Atası bu işin içindəydi və yenə düşündü ki, hamılıqla birlikdə oğluna kömək edərlər. Oğlunun bu "çürük fikirdən" xilas olması üçün hər şeyini qurban verərdi. Ata nənədən, nənə babadan, baba o "çürük fikirdən" tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Ata həyat yoldaşını köməyə çağırdı. Oğlanın anası gəldi. Ana oğluna onun nə qədər dəyərli və yaraşıqlı bir insan olduğunu xatırlatmağa çalışdı. Və oğlunun o mənasız neqativ fikirdən xilas olması üçün əlindən gələni etdi. Ana atadan, ata nənədən, nənə babadan, baba da o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Anası qızını köməyə çağırdı. Fikirləşdi ki, bəlkə qızının sözləri oğluna təsir edər. Çünki, oğlunun həyatda yeğanə sevdiyi və güvəndiyi insan bacısı idi. Bacısı köməyə gəldi. Bacısı anadan, ana atadan, ata nənədən, nənə babadan, baba da o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Bacısı məcbur qalıb qardaşının güvəndiyi ən yaxın dostunu köməyə çağırdı. Dostu gəldi. Əlindən gələni etdi, dostunun nə qədər dəyərli bir insan olduğunu ona anlatmağa çalışdı və keçmişi unutmasını dönə-dönə yalvardı...
Beləliklə dostu bacıdan, bacı anadan, ana atadan, ata nənədən, nənə babadan, baba da o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Oğlu bu yaşına qədər özünə kömək məqsədi ilə bir sürü psixoloji kitablar oxumuşdu. Atasına bu haqda dedi. Ona 10 güclü kitabını göstərdi. Ata oğlunun inana bilməyəcəyi bir şeyi etdi. O kitabları yazan bütün müəllifləri evinə dəvət etdi. Oğlu şokdaydı. İnana bilmirdi ki, illərlə oxuduğu və heyran olduğu kitabların müəllifləri bir gün onlara qonaq gələ bilərlər. Sanki bir yuxunun içindəydi. Dünyaca məşhur 10 yazar onların evindəydi və ona köməyə gəlmişdilər. Beləliklə, o 10 nəfər məşhur yazar dostdan tutdu, dost bacıdan, bacı anadan, ana atadan, ata nənədən, nənə babadan, baba da o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Atasının tanıdığı çox tanınmış bir psixoterapevt var idi. Onu köməyə çağırdı. Ölkənin ən tanınmış və ən bahalı psixoterapevti gəldi. Oğlan onu evlərində görəndə gözlərinə inana bilmədi. Nəticədə tanınmış psixoterapevt o 10 kitab yazarından tutdu, yazarlar dostdan, dost bacıdan, bacı anadan, ana atadan, ata nənədən, nənə babadan, baba da o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Atası məcbur qalıb dünyanın ən müdrik filosofunu oğluna kömək məqsədi ilə evinnə dəvət etdi. Bunun üçün çox böyük qurbanlar verdi. Nəticədə dünyanın ən məşhur fikir adamı, filosofu oğlu ilə bir araya gəldilər. Ata oğlu üçün hər şeyə hazır idi...
Beləliklə, dünyanın ən məşhur filosofu psixoterapevtdən, bu məşhur psixoterapevt dünyanın ən tanınmış 10 yazarından, onlar dostdan, dost bacıdan, bacı anadan, ana atadan, ata nənədən, nənə babadan, baba da o fikirdən tutdu. Dartdılar-dartdılar, çıxara bilmədilər.
Olmadı ki, olmadı.. Oğlan uşaqlıqdan bəslədiyi o "doğrudan" əl çəkmək istəmirdi.
Bu arada bizim bu Adıbala tozlu-torpaqlı bir məhəllədə qırıq stulda oturub məhəllənin avaraları ilə nərd oynayırdı. Yox, bu onun böyüdüyü məhəllə deyildi. Adıbala ata evini qumarda uduzmuşdu. Həbsxanadan çıxdıqdan sonra şəhərin kənarında, baxımsız bir yerdən uçuq bir daxma almışdı. Atası yeganə maşınını satıb bu uçuq evi oğluna almışdı ki, çöldə qalmasın. Adıbalanın işi-gücü yox idi. Arada oğurluq edirdi. Yenə əvvəlki kimi ona-buna lağ edib qəhqəhə çəkib gülürdü. Səhərdən axşama məhəllənin tinində oturub nərd oynayırdı. Günlük siqaretini və pivəsini də anasına aldırırdı.
O var ki, anasının Adıbalaya uşaqlıqda dediyi o "dahiyanə" sözlər həyata keçmişdi. Adıbala doğurdan da "güclü insan" idi. Onun 25 il bundan əvvəl vurduğu travmanı, bir insanın beyninə soxduğu çürük bir fikri dünyanın ən ağıllı insanları nə etdilərsə, çıxara bilmədilər ki, bilmədilər. Hələ neçə-neçə "çolaq ördəklər", "pəltəklər", "xallı pişiklər", "eynəkli meymunçalar", "cırtdan boylar", "göy göz kosalar" və başqaları öz "həqiqətləri" ilə yaşamağa çalışırdılar...
Belə... Sosioloq Elçin Orucov