Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu
Dövlət Gömrük Komitəsinin qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan eksperti Aslan Bayramovun məhkəməsi yekunlaşıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə A.Bayramov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Bayramov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.
İttihamda deyilir ki, DGK-nin Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov ayrı-ayrı şəxslərdən rüşvət qismində 13 min 500 manat məbləğində pul alıb.
O, sözügedən vəsait müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.