Həmin avtobus qanunsuz sərnişin daşıyırmış - AYNA-dan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "Suzuki" markalı avtobus qarşıda hərəkətdə olan "Mercedes" markalı avtobusla toqquşub.
Sakinlərinin meqale.com-a verdiyi məlumat görə, avtobuslardan biri 122 saylı marşurut illərdir ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində gündəlik sərnişindaşıma ilə məşğuldur. Köhnə model "Mercedes 208 D" markalı avtobus Çeyildağ qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən yeganə ictimai nəqliyyat olub.
"Avtobusun üzərində 122 yazılıb, sakinlər də onu 122 saylı marşurut kimi tanıyır. Gündə iki dəfə səhər və axşam Lökbatandan Çeyildağ qəsəbəsinə sakinləri daşıyır".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə meqale.com-ın sorğusuna cavab olaraq bildirilib ki, 122 saylı marşrut xətti mövcud deyil və qəza edən avtobus qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb, hazırda istintaq tədbirləri davam etdirilir.