“Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi çərçivəsində növbəti tədbir baş tutub - VİDEO - FOTO
"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə Hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində növbəti tədbiri baş tutub.
Trend xəbər verir ki, layihə çərçivəsində Azərbaycan əleyhinə yönəlmiş qərəzli, saxta informasiyalar, hibrid və ideoloji təhdidlərlə mübarizə sahəsində həyata keçirilən tədbirlər, onların həlli yolları, ayıq-sayıqlığın artırılması məsələləri müzakirə edilib.
İctimai Birliyin layihə direktoru Sahil Kərimli bildirib ki, Azərbaycana qarşı hər zaman, xüsusilə də torpaqlarımızın işğalda olduğu dönəmlərdə müxtəlif xarakterli təhdidlər olub: Biz hərbi, siyasi,hibrid və ideoloji təhdidlərin şahidi olmuşuq. Təhdidlər Azərbaycanın müstəqil və milli maraqlarına qarşı olub. 44 günlük Vətən müharibəsi dövründə isə xüsusilə ideoloji və hibrid təhdidlərin daha çox şahidi olduq. Azərbaycan cəmiyyəti bu təhdidlərə qarşı hər zaman möhkəm və sipər kimi dayanıb.
S.Kərimli vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu təhdidlərin qarşısında sinə gərə bilək: Həmçinin, təhdidlərin neytrallaşdırılması, mənbələrin araşdırılıb tapılması bizim əsas vəzifə borclarımızdan biri olmalıdır.
Bakı Şəbəkəsi Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri Elçin Ağacanov bildirib ki, Azərbaycana qarşı tətbiq edilən və bir çox ölkələrdə sınaqdan keçirildikdən sonra bizə qarşı yönəldilən saxta xəbərlərin zərərli təsirləri haqqında araşdırmalar davam edir. Azərbaycanla bağlı reallıqdan uzaq, məntiqi sütunları olmayan xəbərlərin yayılması təsadüf deyil. Azərbaycana qarşı bu kampaniya məqsədli şəkildə aparılır və müxtəlif mərkəzlərdən idarə olunur. Məqsədlər və məramlar fərqli olsa da, hədəf bizik - Azərbaycan xalqı. Bu təhdidlər Azərbaycanın gələcəyinə, təhlükəsizliyinə, vətəndaş və hakimiyyət birliyinə göz dikərək, onları hədəfə alıb.
Bizim həyata keçirdiyimiz layihə təbii ki, müvafiq ictimai dövlət qurumları, xüsusilə QHT-lərə Dövlət dəstəyi Agentliyinin dəstəyi olmadan reallaşdırıla bilməzdi. Bu, bir daha sübut edir ki, dövlət QHT-lərin yanındadır. Azərbaycanda ictimai cəmiyyətlərə ciddi ehtiyac var. Bu, dövlət qurumları ilə cəmiyyət arasında körpü rolunu oynayan QHT-lərə olan dəstək Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun fəaliyyətində özünü bariz şəkildə göstərir.
E.Ağacanov çıxışında bildirib ki, hibrid təhlükələr ilk dəfə 2014-cü ildə terminologiyaya daxil edilib və müəllifi Rusiya Müdafiə Nazirliyinin general-polkovniki Gerasimovdur. Hibrid təhlükə hibrid savaş deməkdir. Burada bütün vasitələrdən - təşviqat, təbliğat, dezinformasiya, iddialar ittihamlar istifadə olunur. Bu, zəncirvari şəkildə idarəolunan prosesdir.
İdeoloji təhdid və təhlükələr isə 2 məsələdən ibarətdir. Təhdid qarşıya qoyulan məqsədi ehtiva edir və həmin məqsədi zərərsizləşdirməyi nəzərdə tutur. Təhlükə isə həmin məqsədi zəiflətmək və fəaliyyətinə imkan verməməkdir. Burada ən təhlükəlisi ideoloji təhdidlərdir. Bu təhdid, Azərbaycanın mental, ailə dəyərləri, cəmiyyətin quruluşu, dini, dili, fərdlər arası münasibət, vətəndaş-hakimiyyət münasibətlərinə bir təhlükədir. İdeoloji təhdid Azərbaycanı ideologiyasızlaşdırmaq məqsədi güdür. Məsələn, 44 günlük Vətən müharibəsinin gedişatı və nəticələrinin şübhə altına alınması, qəhrəmanlğımızı gözdən salma cəhdləri, müxtəlif yalan və iddialarla Azərbaycanın qələbəsini saxtalaşdırmaq və sair.
İctimai birlik sədri vurğulayıb ki, təbii ki, bu təhdidlər xaricdən müxtəlif şirnikləndirmə cəhdləri ilə həyata keçirilməyə çalışır.
Tədbirin gedişində vurğulanıb ki, bu qəbildən olan tədbirlər gələcəkdə də davam etdiriləcək. Çalışılacaq ki, Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərlə mübarizə məqsədilə yerli auditoriyanı, media nümayəndələrini məlumatlandırılsın. Bu istiqamətdə media nümayəndələri çalışmalıdırlar ki, təzyiq və təhdidlərə qarşı ayıq-sayıq olsunlar, mübarizədə birgə addımlasınlar.