İsrailə "yaşıl işıq" yandı - Müharibənin miqyası böyüyəcək - FOTO
2022-ci ilin fevral ayında səhər saatlarında Rusiya ilə Ukrayna arasında başlayan müharibənin qısa çəkəcəyi düşünülürdü. Rusiyanın bir gündə əldə etdiyi ərazilər təəccüb doğururdu, qısa zamanda bütün ərazilərə nəzarət edəcəyi gözlənilirdi. Lakin, müharibə 1 ildən çoxdur ki, davam edir. Artıq hər iki tərəf tükənib.
Rusiya-Ukrayna müharibəsinin çoxları üçün adiləşdiyi anda ötən şənbə günü səhəri HƏMAS-ın İsrailə qəfil hücumu ilə açdıq. Bir çox ölkələrdən gələn qonaqların iştirak etdiyi "Supernova" festivalına hücum oldu, xeyli insan qətlə yetirildi. Daha sonra müharibə vəziyyəti elan edildi, hər iki tərəfdən ciddi itkilər oldu. Qəzzadakı xəstəxananın bombalanması isə vəziyyəti daha da pisləşdirdi.
ABŞ prezidenti Bayden iki gün əvvəl İsrailə səfər edib. O, İsrailin baş naziri Benyamin Netanyahu Baydeni qucaqlayaraq onu qarşılayıb. Baydenin orada olduğu müddətdə Qəzza bombalanmağa davam etdi. Netanyahu bildirib ki, Bayden ilə görüş zamanı İsrail dövlətinin təhlükəsizliyinin qorunması və müharibənin davam etdirilməsi üçün misilsiz yardımın göstərilməsi ilə bağlı razılaşmalar əldə olunub. Daha sonra Böyük Britaniyanın Baş naziri Rişi Sunak regiona ikigünlük səfəri çərçivəsində İsrailə gedib. Baş verənlər onu göstərir ki, müharibə daha da uzanacaq. Hətta, döyüşlərin regional miqyasa çevrilmək riski də var.
Müharibənin gedişi, sonrakı proseslər barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İsrail üçün "yaşıl işıq" yanıb.
"İsrail ordusunun Qəzzaya quru əməliyyatına hazır olduğu rəsmi şəkildə açıqlanıb. Əməliyyatın gecikməsi müxtəlif səbəblərlə əlaqələndrilsə də, misal üçün, hava şəraitinin uyğun olması və s - bu, daha çox ABŞ və Britaniyanın dəstəyinin alınmasından qaynaqlanırdı. Bayden və Sunakın səfərindən sonra müttəfiqlərinin İsrailə "yaşıl işıq" yandırdığı görünür.
Quru əməliyyatı İsrail üçün asan olmayacaq, bunu özləri də etiraf edir. Həmasın 30-40 minlik silahlı dəstəsi var və Qəzzanın altında hörümçək toruna bənzər tunellər qazıblar. Ərəb mediası Qəzzanın İsrail üçün bataqlıq ola biləcəyini yazır. Misal üçün, Əl-Cəzirə Stalinqrad ssenarisinin baş verə biləcəyini proqnozlaşdırır. Belə ssenari müharibənin uzanacağı və döyüşlərin regional miqyasa keçə biləcəyi riskini yaradır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.
İslam meqale.com