Kamaləddin Qafarov: “Kəlbəcər yenidən inşa olunur”
"Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və eyni zamanda xalqın tarix yaddaşının mühüm sütunlarından biridir. Bu diyarın hər qayası, hər vadisi min illərin səsini yaşadır". Bu sözləri 25 noyabr - Kəlbəcər Şəhəri Günü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, "Kəlbəcər" adının özü belə keçmişimizin dərin qatlarından gəlir. "Çay üstündə qala" mənasını verən bu toponim bölgənin həm coğrafi mövqeyini, həm də strateji əhəmiyyətini aydın göstərir. Buradakı təbii mağaralar, qayaüstü təsvirlər, çöp işarəli türk əlifbası nümunələri, müxtəlif dini mərhələlərin izlərini daşıyan abidələr Kəlbəcərin təkcə bir coğrafi məkan deyil, həm də sivilizasiyaların qovuşduğu tarixi bir zirvə olduğunu təsdiqləyir. Bu uca dağların qoynunda yaşayan xalqımız əsrlər boyu öz mədəniyyətini qoruyub, bölgənin sərt təbiətində həyatını davam etdirib, bu torpağı özünün ayrılmaz yurdu kimi yaşadıb."
Millət vəkili qeyd edib ki, keçən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Kəlbəcərin də taleyinə ağır bir zərbə vurdu: "1993-cü ildə rayonun işğalı minlərlə ailənin doğma yurdlarından didərgin düşməsinə, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə səbəb oldu. Kəlbəcər kimi təbii sərvətlərlə zəngin bir bölgə tamamilə talan edildi, tarixi abidələr, məktəblər, kitabxanalar, mədəniyyət evləri və müəssisələr vəhşicəsinə dağıdıldı. Beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsini yerinə yetirmədi. İşğal illərində Kəlbəcər bölgəsinin həm insani, həm mədəni, həm də iqtisadi potensialına ağır zərbə vuruldu. Bu illər Azərbaycan xalqının yaddaşına həm də ədalətsizliyə qarşı mübarizənin, dözümün və səbirli gözləntinin simvolu kimi həkk olundu. 2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ilk günlərdən etibarən Kəlbəcər istiqamətində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan ordusunun hərəkət imkanlarını demək olar ki, tam məhdudlaşdırdı. Bu, ümumi qələbənin əsas şərtlərindən biri idi və nəticədə 10 noyabr Bəyanatı ilə Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi rəsmən təsis olunması isə bu tarixi qayıdışın rəmzinə çevrildi. Bu gün Kəlbəcər öz dirçəliş dövrünü yaşayır. Şəhərsalma layihələri, yeni yaşayış məhəllələri, kəndlərin bərpası, su elektrik stansiyalarının qurulması, müasir avtomobil yollarının çəkilməsi bölgəni qısa zamanda yenidən həyat dolu bir məkana çevirir. Yeni Kəlbəcər təkcə bir rayonun yox, bütöv Azərbaycanın gücünün, iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. Bu dirçəlişin arxasında güclü siyasi iradə, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi strateji inkişaf xətti və xalqımızın sarsılmaz birliyi dayanır".