Makron özünü çıxılmaz duruma salıb
Fransa prezidenti Makron iddia edir ki, ermənilərin problemlərinin həlli üçün dünyada ondan çox səy göstərən siyasətçi və dövlət başçısı yoxdur. O hətta deyir ki, bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyandan belə çox çalışır.
meqale.com Trend-ə istinadən bildirir ki, Fransa prezidenti dollayı yolla etiraf edir ki, Fransa tarixində ermənilərə bu qədər yarınmaq istəyən, onların qarşısında özünü gözükölgəli aparan, bu qədər özünü və ölkəsini aşağılayan ikinci dövlət başçısı olmayıb.
Bəs niyə Makron ermənilərə qarşı münasibətdə bu qədər asılı vəziyyətə düşüb?
Bu sualın iki cavabı var: Ya Makron prezident seçilməsinə görə erməni lobbisinə borcludur, onların qarşısında üzərinə öhdəlik götürüb, ya da onun İslama, Azərbaycana və Türkiyəyə qarşı dərin nifrəti belə mövqe sərgiləməyə vadar edir. Makronun davranışı onu deməyə əsas verir ki, hər iki amil onun fəaliyyətinin motivi qismində çıxış edir.
Makron Paşinyandan çox çalışdığını deməklə, ermənidən çox erməni olduğunu açıq nümayiş etdirir. Öz ölkəsi dağılır, problemlərin sayı və kəskinliyi yüksələn xətt üzrə inkişaf edir, etirazlar bütün ölkəni ağuşuna alıb, vəziyyət faktiki nəzarətdən çıxıb, Fransa prezidenti isə bütün bunlarla məşğul olmaq əvəzinə, erməni lobbisinin qarşısında hesabat verir və var gücü ilə çalışdığını bəyan edir.
Makron Fransa prezidentidir, yoxsa Ermənistanın? O, prezident seçilərkən Fransa dövlətinə və xalqına xidmət edəcəyinə and içib, yoxsa Ermənistana və erməni xalqına?
Makron bəyan edir ki, Qarabağ məsələsini ermənilərin xeyrinə həll etmək yolunda ən nöyük maneə Paşinyandır. O, faktiki Paşinyanı satqın və xəyanətkar elan edir. Makron artıq siyasi etikanın sərhədlərini aşır, son dərəcə məsuliyyətsiz bəyanatlar və açıqlamalar verir. Fransanın beynəlxaq nüfuzuna Makron qədər zərbə vuran, Fransanın dəyərlərini onun qədər tapdaq altına atan ikinci dövlət başçısının adını çəkmək çox çətindir.
Makron Azərbaycan Prezidentinə təzyiq göstərdiyini deyir, amma nəticələr onu göstərir ki, onun təzyiqləri nəinki nəticə verməyib, heç Azərbaycan Prezidenti Makronun səylərini, mövqeyini ciddi belə qəbul etməyib.
Makron 3-5 erməni təşkilatı rəhbərinə sanki yalvarır ki, onun səmimiyyətinə inansınlar. Hətta səylərini gücləndirəcəyini, daha çox çalışacağını vəd edir. Amma onun bütün dedikləri belə bir məntiqi nəticə hasil edir ki, erməni məsələsində Makron təkdir və dünyada onun mövqeyini dəstəkləyən ikinci dövlət başçısı, təşkilat rəhbəri yoxdur. Bu yüklə Makron nə qədər və hara kimi gedə biləcək? Hələ başqa bir məsələdir ki, bu gün Fransada baş verən sərt etitazlar nə ilə sonlanacaq.
Fransa mediasının, siyasətçilərinin Azərbaycana qarşı səlib yürüşü təsirsiz ötüşüb, Avropa İttifaqını Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri baş tutmayıb. Açıq görünür ki, Makron çox çıxılmaz duruma düşüb və indi o öz arsenalını yalan vədlər verməklə gücləndirməyə çalışır.
meqale.com