"Metallurgiya zavodunun tikintisi regionda əhalinin sağlamlığına ciddi ziyan vuracaq"
Ermənistanla Naxçıvanın sərhəddində yerləşən Arazdəyən kəndində metallurgiya zavodunun tikintisi rayon əhalisinin sağlamlığına ciddi ziyan vura bilər.
Bu barədə Trend-ə Hindistandan olan hüquq müdafiəçisi, İnsan Hüquqları Komissiyasının İsveçrədəki qərargahında rəsmi könüllü Mohmad Hüseyn deyib.
"Belə zavodun tikintisi insan sağlamlığı, ətraf mühit və davamlı inkişaf üçün təhlükə yaradır. Polad zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri əhəmiyyətli dərəcədədir. Bu ekoloji təsir insan sağlamlığına və təhlükəsizliyinə, floraya, faunaya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir", - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, bu tullantıların Araz çayına atılmasının narahatlıq doğuran ehtimalı çayda yaşayan canlılar və Araz suyundan suvarma üçün istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır:
"İçməli su təchizatının zədələnməsi insanların sağlamlığına və su təhlükəsizliyinə ziyandır və bu, sərhədyanı kəndlərdə yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Biz insanlara, faunaya, floraya, torpağa, şirin su təchizatına dərindən təsir edə biləcək bu cür ətraf mühitin çirklənməsinə və böhranına qarşıyıq və onun ekoloji kampaniyasında Azərbaycanı dəstəkləyirik".
Ekspert qeyd edib ki, BMT, ÜTT kimi müvafiq beynəlxalq təşkilatlar bu vəziyyətə reaksiya verməyə və Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağa çağırılmalıdır:
"Biz Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarını, xüsusən də ictimai səhiyyə sahəsində fəal olanları dərhal tədbir görməyə və bu zavodun yaradılmasına etiraz etməyə çağırırıq. Onun tikintisi, şübhəsiz ki, Ermənistanın özündə ekoloji vəziyyətə ciddi mənfi təsir göstərəcək. Mən zavodun tikintisi ilə bağlı bu qərarın qəti əleyhinəyəm, ümid edirəm ki, ləğv olunacaq".
meqale.com