“Nə olsun ki, Aygünü Suraxanıda dəfn ediblər...”
Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə dəfn olundu.
Mərhumun Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılması isə müzakirəsiz ötüşmədi. Bəziləri onun Fəxri Xiyabanda dəfn edilməsinin daha düzgün olacağını, bunun haqsızlıq olduğunu iddia etdi.
meqale.com xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Xalq artisti Rasim Balayev danışıb. Aktyor sənətkarın ölümündən təsirləndiyini bildirib. O, dəfn yerinin heç bir məna kəsb etmədiyi qənaətində olduğunu deyib:
"Aygün Bəylər dünyasını dəyişdi, Allah rəhmət eləsin. Onu Suraxanı qəbiristanlığında, Yasamal qəbiristanlığında, yoxsa Fəxri Xiyabanda dəfn etdilər nə fərqi var?! Bir dəfə bu mövzu müzakirə olunanda rəhmətlik Xalq artisti Eldəniz Zeynalov yarızarafatla çox gözəl cavab vermişdi. Demişdilər ki, filankəsi Qanlı gölün yaxınlığında dəfn ediblər, aktyor da cavab vermişdi ki, "Hə, oranın havası yaxşıdır".