“PAŞA Bank” və AzQAC "Qış möcüzəsi 2024" adlı humanitar - xeyriyyə aksiyası keçirib - FOTO
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), "PAŞA Bank"ın maliyyə dəstəyi ilə yeni 2024 ilinin başlaması ərəfəsinə təsadüf edən "QIŞ MÖCÜZƏSİ 2024" adlı humanitar-xeyriyyə aksiyası keçirib. Xeyriyyə aksiyası 27-29 dekabr 2023-ci il tarixləri aralığında Xırdalan/Abşeron və Şamaxı/Qobustan ərazilərdə həyata keçirilib.
Humanitar-xeyriyyə aksiyası 800 kilodan artıq humanitar yardım ərzaq məhsullarının 42 ailəyə çatdırılması ilə yekunlaşıb. Qeyd edək ki, hər bir qutuda 21 kiloqramdan artıq, ailə tərkibi 3-5 nəfərdən ibarət ailələrə bir aylıq qidalanma üçün nəzərdə tutulmuş sayda, müxtəlif çeşidlərdə ərzaq məhsulları paylanılıb.
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.
2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. "PAŞA Bank" sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycanın dayanıqlı inkişafına və cəmiyyətin rifahının yüksəldilməsinə töhfə vermək üçün çalışır.
Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış "YARDIM.ET" adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində "HÖP", "SMS", "MilliÖn", "eManat", "hesab.az", "PAŞA Bank", "Bank of Baku", "ABB", "UniBank" mobil əlavələr üzərindən və istənilən bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].