Seçkilər ölkənin gələcək inkişafını müəyyən edir - 77 yaşlı seçici

Azərbaycanda növbədənkənar Prezident seçkiləri ölkənin qələbəsini simvolizə edir, onun gələcək inkişafını və gələcək yolunu müəyyən edir.

Seçkilər ölkənin gələcək inkişafını müəyyən edir - 77 yaşlı seçici
Azərbaycanda növbədənkənar Prezident seçkiləri ölkənin qələbəsini simvolizə edir, onun gələcək inkişafını və gələcək yolunu müəyyən edir.

meqale.com xəbər verir ki, bunu Trend-ə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində (Bakı Muzey Mərkəzi) 77 yaşlı seçici İsgəndər Məmmədov deyib.

"Ölkə vətəndaşları hər birimizin, hər bir ailənin, doğma torpağımızın adına öz səslərini verirlər. Azərbaycan regionun lider ölkələrindən biridir və biz hamımız bir ailə kimi birlikdə quruculuq prosesinə öz töhfəmizi verəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.