Səsvermə prosesi sakit şəraitdə keçir - Moldovadan olan deputat
Azərbaycanda növbədənkənar Prezident seçkilərində səsvermə prosesi sakit, işgüzar şəraitdə keçirilir.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə Moldova parlamentinin deputatı, Moldova - Azərbaycan parlamentlər arası dostluq qrupunun sədri Vitali Jakkot deyib.
"Qeyd etmək istərdim ki, ilk təəssüratlarım iki il əvvəl Şuşaya ilk səfərim zamanı yaranmışdı. Sonra Moldovadan olan parlament və hökumət nümayəndə heyətinin tərkibində vəziyyətlə yerində tanış olduq.
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bunu hər zaman vurğulayırıq. Biz ərazi bütövlüyünü bərpa edə bilən Azərbaycan xalqına görə şadıq. Səsvermə prosesi ilə bağlı təəssüratlar müsbətdir. Bütün prosesləri gözdən keçirdik, suallar verdik. Həm məmurların, həm də seçicilərin səmimiliyi xoşuma gəldi.
Burada doğulan və hazırda burada yaşayan yerli sakinlərlə söhbət etdik. Rəhbərliyi də buna uyğun seçirlər. Təəssüratlar müsbətdir. Heç bir insident olmayıb, proses sakit şəraitdə gedir", - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.