Tbilisidə vəziyyət gərgin olaraq qalır, polis gözyaşardıcı qazdan istifadə edir - YENİLƏNİB - FOTO
00:14
Tbilisinin bəzi mərkəzi küçələrində etirazçılar aksiyanı davam etdirirlər.
APA-nın yerli bürosu xəbəri verir ki, Gürcüstan parlamentinin binası ətrafındakı bir neçə küçədə aksiya iştirakçıları müxtəlif əşyalarla polis əməkdaşlarına hücum ediblər.
Tabukaşvili küçəsində polis gözyaşardıcı qaz tətbiq edib, nəticədə aqressiya göstərən aksiyaçılar geri çəkiliblər. Etirazçılar küçədə barrikadalar yaradaraq onlara od vurublar.
Bu arada mitinqin əsas təşkilatçılarından biri olan "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze xəstəxanaya çatdırılıb. Onun bibər qazından zəhərlənmə və stress səbəbindən ürəyində problemlərin yarandığı bildirilir.
"İmedi" telekanalı P.Burçuladze və Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya arasında telefon danışığının səs yazısını yayıb.
Həqiqiliyi hələ təsdiqlənməyən səs yazısında tərəflər Tbilisidə iğtişaşların planlaşdırılmasını müzakirə edirlər.
------------ Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq olunur.
Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.
Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.
DİN aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.