Toy dilənçiləri və ya sehirli "xələt"
Elimizin çox gözəl adətləri vardır. Xalqımızı başqa xalqlardan fərqləndirən və xüsusi mədəni status qazandıran da məhz o adətlərimizdir. Biz onlarla mental varlığımızı daxilən təsdiq edirik, onlarla yaşayırıq, düşünürük, formalaşırıq və hətta milli mentalitetimizin ayrılmaz parçasına çevrilən o sosial vərdişlərdən zövq alırıq. Çünki adətlərimiz bizim mənəvi dünyamızın bəzəyinə çevrilir və ruhumuza huzur verir. Onlardan biri də toy-düyün adətlərimizdir. Toy insanın həyatında olan ən mühüm hadisələrdən biridir. Hamı o gün həyəcan içində olur. Hər bir insan toy günü gözəl duyğular yaşayacağını gözləyir və bu gözləntilərinə qapılır. Atalar, analar, ailə üzvləri və digər yaxın qohumlar illərlə toy gününün həsrəti ilə yaşayırlar. Toy günü adi günlərdən biri deyil. Çünki iki sevən insan birləşir, iki xarakter bir araya gəlib gözəl bir yolçuluğa başlayır - ailə yolçuluğuna. Və toy günündə yaşanan hisslər bu ailənin mənəvi və psixoloji təməlinin formalaşmasına bilavasitə təsir edir. Toyda yaşananlar yeni yaranan ailənin xatirəsinə çevrilir. Məhz buna görə nənə-babalarımız toy günü evlənən gənclərin və o evliliyə şahidlik edən bütün qonaqların ruhuna gözəllik qatan adət-ənənələr qoyub getmişlər bizlər üçün. Bu adətlər istər-istəməz insanın özəl günündə onun psixoloji rahatlığına və ruhunun sevinməsinə yönəlmişdir. Qədim zamanlardan bəri bu gözəl adətlər insanlara gözəl və özəl anlar yaşatmışlar... Amma günümüzdə elimizin bu toy adətlərinə göz gəzdirsək, o gözəlliyi tapa bilərikmi? ...Türkiyədən bacım oğlunun toyuna gəlirdim. Bütün toy hazırlıqları əvvəldən görülmüşdü. Orta azərbaycanlı toyu idi və onun üçün lazım olan təşkilatçılıq işləri də başa çatmışdı. Dəvətnamələr, zənglər, finans məsələləri... Alınması və sifariş edilməsi gərəkən nə varsa edilmişdi. Restoranla bütün şərtlər restoranın müdürü ilə danışılmışdı və nəzərdən qaça biləcək heç bir şey qalmamışdı. Toyun qız evi ilə birlikdə keçirilməsi planlaşdırılmışdı və bu "toy danışıqlarından" hər iki tərəf, həm oğlan tərəfi, həm də qız tərəfi məmnun idi. ...Toya 3 gün qalmış restorana gəldik. İçəri daxil olanda oranın çox gözəl bir restoran olduğunu fərq etdim. Restoranın sahibi və administrator ilə bir daha görüşdük və gülə-gülə bizi inandırdılar ki, narahatçılığa heç bir səbəb yoxdur. Hətta müdür vurğuladı ki, "Hələ heç kim bizdən narazı getməyib. Ürəyinizi buz kimi saxlayın". Və biz də ürəyimizi toya qədər buzxanaya qoymağı qərara aldıq. Müdürün sözündən necə çıxmaq olar? Müdürün verdiyi sözlə işim yoxdur. O öz yerində. Sən demə bu toy işlərində bir çox fors-majorlar, yəni qarşısı alınmaz və nəzərdə tutulmamış hadisələr var imiş... Hamımız həyəcanla toy gününü gözləyirdik və qəribədir ki, o da çox çəkmədi. Bir də baxdıq ki, qapımızı döyürlər. Toy saat 18.00-da başlayacaqdı. Restoranla danışdığımız kimi, tam vaxtında, düz saat 15.00-da bir qrup musiqiçi qapının ağzında göründülər. Bəyin "evdən çıxma səhnəsində" onların bir neçə mahnını çalmasına ehtiyacımız vardı. Bir də gəlini evdən çıxaranda "Vağzalı", sonra da binanın həyətində musiqi çalınmalıydı. Bəs necə? Musiqisiz nə toy olar, nə də toy evi. Restorana getməyə hələ vardı. Qonaqları gözləyirdik ki, bəylə gəlini evdən çıxarma prosedurlarını həyata keçirək. Musiqiçilər 4 nəfər idi. Hiss olunurdu ki, özlərini əvəzedilməz "personlar" olaraq görürdülər. Axı canlı musiqi olmadan bu iş əmələ gəlmir. Musiqiçilərimiz başımızın tacıdır. Başqa cür ola bilməz. Onları evə dəvət etdik... Musiqiçilər evdə sakit davranırdı, amma içlərində çox deyib gülən bir nağara çalan qardaş var idi. Yaman söhbətcil idi. Digər musiqiçilərin davranışı bir o qədər diqqətçəkici deyildi. Nağara çalan isə hey deyib gülürdü, zarafat edirdi, gözəl sözlərlə evdə olan qonaqların ürəklərinə yol açmağa çalışırdı. Hiss olunurdu ki, açacağı o yol boşuna deyildi. Təcrübəli olduğu görünürdü və digər musiqiçilər əbəs yerə onu "dəstə başı" seçməmişdi. Adam 5 dəqiqə içində evdə kimin kim olduğunu öyrəndi. Asan məsələ deyil. Anket doldurmadan, sosioloji sorğu keçirmədən bu aktiv qardaş bəyin atasını, dayısını, əmisini, qardaşını, dayısı uşaqlarını və iki dostunu adlarına qədər qısa bir zamanda öyrəndi. Beyni lap kompüter idi. Onlarla elə davranırdı ki, sanki yüz ildir tanıyırdı. Professionallıq buna deyərəm. Amma əslində bizi maraqlandıran onun musiqi professionallığı idi. Sən demə musiqidən daha da vacib olan elmləri bilmək lazımdır və bu adam evə girər girməz o "elmlə" bütün ortalığı ələ aldı. Kişinin oğlu lap insan sərrafı idi, bilmədiyi şey yox idi, dediyi hər söz adamın lap ürəyinin ortasına taxılırdı. Məharət, nə məharət! Mən hər ehtimal bacım oğlunu kənara çəkib soruşdum ki, bunların pulu danışılıb, yoxsa yox? Dedi ki, evə gələn musiqiçilərin pulu restoranla danışılıb. Hətta ikiqat artıq! Bacım oğlu ilə qürur duydum. Sənətə, musiqiyə və musiqiçilərə verilən bu "ikiqat" dəyər məni duyğulandırdı. "Ürəkdən çalarlar" - deyə düşündüm və içim rahatladı. Nəysə, lazım olan qonaqlarımız gəldi və bu deyib-gülən musiqiçi qardaş mənə yaxınlaşdı. Deyəsən il
Tamadamız tam prosesin içindəydi. Başı yaman qarışıq idi. Bəyin və gəlinin dayılarını, əmilərini, dostlarını və digər kişi qohumlarını bir-bir səhnəyə dəvət edirdi, onlara bol-bol tərif deyəndən sonra "xələt" alıb onları tərki-silah edirdi. Tamadanın əsl silahı mikrofon idi. Siyahıdan istədiyi adama söz verirdi, sehirli sözlərini işə salırdı və "xələt" almadan, daha doğrusu sıxıb suyunu çıxarmadan adamı buraxmırdı. Spirtli içkilər isə tamadanın işini asanlaşdırırdı. Çünki içkili insandan "xələt" almaq daha asan idi. Deyəsən tamadanın da "hipnoz diplomu" var idi. İşini çox gözəl bilirdi. Peşəkar insanlarla qürur duymamaq mümkün deyil... Bu arada ofisiantlar da qonaqlar arasında öz hədəflərini seçirdilər. Ən çox da yaxşı geyinib-keçinmiş və kənardan "imkanlı" görünən qonaqları gözdən qoymurdular. Peşman olurdun ki, bir qurtum su içəsən. O bir qurtum su anında qədəhə doldurulurdu. Əlini atdığın hər şeydə ofisiantın əlini öz əlindən qabaq görürdün. Bu qədər diqqət ancaq bahalı restoranlarda olur. Mən restoranlarda ofisiantlara verilən bəxşişə qarşı deyiləm. Bu normal şeydir. Amma bəxşişi "xələt" səviyyəsində hamıdan gözləmək, toya gələn qonaqların huzurunu pozmaq, onları bezdirmək və narahat etmək məncə bizim adət-ənənələrimizə aid deyil. Çünki ofisiantların belə canfəşanlığı hamıda bir diskomfort yaradır və bu "xələt gözləntisi" toy məclisində ümumi bir gərginlik yaradır. Arada ofisiantlara qarşı kobud davranan qonaqlar da gördüm. Çünki, qonağın özünün özünə xidmət etmək istəyini yumşaq şəkildə ofisianta başa salması çox zaman mümkün olmur. Nə yazıq ki, insanlar bəzi hallarda bunu sərt şəkildə demək məcburiyyətində qalır. Ofisiantlıq, tamadalıq və ya musiqiçi olmaq çox gözəl peşədirlər. Pis peşə yoxdur. Doğru şəkildə və düzgün niyyətlə yerinə yetirildiyində hər bir məslək gözəldir. Buna söz yox! Amma bu "xələt" məsələsi hər şeyi alt-üst edir. Ümumiyyətlə, restoranda toy əhlinə xidmət göstərənlərin gözləntisində ciddi problemlər var. Hərdən mənə elə gəlir ki, toyda musiqiçilər, tamadalar və qarsonlar elə düşünürlər ki, restorana gələn qonaqlar hamısı ora dəstə-dəstə pullarla gəlir. Özü də onların təsəvvüründə o dəstə pullar manatlıq yox, minimum yüzlük dəstəsidir hamısı. Ona görə 2 manatlıq xidmətdən 50 manat gözlənilir. Və bu gözlənti toqquşması da həmişə narazılıq yaradır. Heç kimin ağlına gəlmir ki, bir insan kənardan yaxşı geyinmiş görünsə də, o toya salacağı axırıncı 100 manatı ilə gələ bilər və bir də o insan toydan sonra evinə dönmək üçün cibinə qoyduğu taksi puluna ümid edir. Yanlış gözləntilər içərisində restoranlarda, toylarda hər gün dişlərini itiləyən "xələt" yığanlar dəstəsi isə insanlara "simic" gözü ilə baxırlar. Ona görə çox vaxt restorana daxil olan qonaqlar sanki bir savaşa girirlər - "xələt" savaşına... Toyun ortasında, üstü naxışlarla bəzənmiş bahalı bir mis qabı əlində xüsusi ədayla tutan bir adam gəldi və qonaqlara üzərlik qoxusunu bəxş etdi. Yox, məqsəd aromaterapiya ilə insanlara xidmət etmək deyildi. Məqsəd növbəti "xələt" soyğunçuluğu idi. Uzun sözün qısası, "tüstü alveri" başladı. Adam ilk olaraq bəylə gəlinin masasına yaxınlaşdı, onları tüstüyə verdi. Ənənəyə görə üzərliyi iyləyəndən sonra bəy adamın cibinə "xələt" qoymalıdır. Bu dəfə "xələt" 30 manat oldu. Amma iş bununla bitmədi. Adam masaları bir-bir gəzərək o tüstüdən 180 manat topladı. Özü də "xələt" vermək istəməyən o tüstüdən boğulana qədər udurdu. Çox gözəl fikirləşib bu metodu da təkmilləşdiriblər. Bəs necə? Dünya inkişaf edir, biz nə haqla geridə qala bilərik? Daha sonra plov gəldi. Özü də elə belə gəlmədi. Milli geyimdə olan rəqqaslarla və odla-atəşlə gəldi. Simvollara bürünmüş bir səhnə oynanıldı. Çinlilərin qədim çay dəstgahı bunun yanında yalan oldu. Sanki bir ritual həyata keçirilirdi. Qabdakı plov, üzərində alovlar yanaraq göylərdə fırlandı, rəqqasla bərabər rəqs edərək birbaşa bəyin önünə gəldi. Sirk ustaları bu səhnəni seyr etsəydilər, çox şeylər öyrənərdilər. Plovu əlində oynadan adam bir sehrbaz kimi işini bitirdi və "bəy xələti" almaq üçün bəyin önündə qəribə bir duruşla gözlərini bəyin cibinə dikdi. Və o cibdən sarı bir əllilik çıxıb bizim bu sehrbazın cibinə girdi. "Sehrbaz" təşəkkür edib getdi və sonra ofisiantlar bu "plov təqdimatını" ələ aldılar. Masalara ayrı-ayrı plov gəldikcə, hər ofisiant hərəsi bir məharət göstərərək qonaqlardan "xələt" almaq üçün dəridən-boğazdan çıxırdılar. Bu mərhələdə də maksimum dərəcədə "xələt" yığıldı. Təbii ki, adamına görə... Ən maraqlı hadisə isə tort kəsiləndə baş verdi. Ənənəvi "tortu kəsmə ritualı" həyata keçirildi. Bəylə gəlin tortun ilk tikələrini bir birlərinə yedirdilər. Hər toydakı kimi standart olaraq çəngəli bir-iki dəfə ora-bura çəkdikdən sonra, və ətrafa toplaşan bir qrup insan bu səhnəyə əl çaldıqdan sonra, yenə ofisiantlar fürsəti əldən vermədən təcili hərəkətə keçdilər. İnsanlar yavaş yavaş spirtli içkilərin təsirindən çıxırdı. Gözləmək olmazdı, zaman az idi, toy sona yaxınlaşırdı. Tort parçalarını balaca nəlbəkilərə qoyub "xələt" qarşılığında qonaqlara sırıyan ofisiantlar masalara daraşdılar. Onların arasında administrator da var idi. O da fürsəti əldən verməmək üçün meydana atılmışdı. Amma deyəsən onlar bu əməliyyatı öz aralarında yaxşı planlaşdırmamışdılar. Əlinə tort parçası keçirən hər bir ofisiant çəngəllə silahlanıb masalara hücum çəkirdi, dayılara, əmilərə və imkanlı qonaqlara tort verib "xələt" almaq isyəyirdi. Elə olurdu ki, ofisiantlar təlaşdan bir-biri ilə toqquşurdular. Əsas "hədəflər" bəyin və gəlinin yaxın kişi qohumları idi. Ona görə onların ətrafında daha çox çaxnaşma düşürdü. Dünyada misli görünməyən ticarət gedirdi. Adamlar çəngəlin ucunda fındıq boyda tort hissəciyini 10-15 manata satırdı. Daha doğrusu, tortu "yedirdib" "xələt" alırdılar. Özü də tortu hamıya eyni çəngəllə verirdilər. Görünür "xələt" qanunları şəxsi gigiyena qanunlarından daha üstündür. ..Bu arada administrator qan-tər içində mənə yaxınlaşdı. Çəgəlin ucunda balaca tort parçasını ağzıma yaxınlaşdırdı, "Bəyin dayısı versin tort xələtini" deyərək tortun dadına baxdı, sonra kremli çəngəli salfet kağızı ilə sildi və torta batıraraq yenidən mənə uzatdı. Görünür o da mənim kimi toyda ora-bura qaçdığından ac qalmışdı. Onun ağzından çıxan çəngəli əlimlə uzaqlaşdırdım və adama o qədər yazığım gəldi ki, cibimdən çıxarıb 10 manat verdim. Administrator onu az olaraq qəbul etdi, əvvəlcə üzünü turşutdu, azacıq fikirləşdi və dedi: "Eybi yoxdur, min bərəkət! Amma çox xahiş edirəm gəlinin filan qohumunu mənə göstərin, sizinlə işim yoxdu". Bu arada gəlinin "filan qohumu" onun əmisi idi və çox imkanlı bir adam idi. Mən özümü qurtulmuş hesab etdim və administratora nəsə demək istəyirdim, bir də gördüm ki, zalın o başında bir qalmaqal var. Sən demə gəlinin əmisinə üç ofisiant yaxınlaşıb və orda "xələt" mübahisəsi düşüb. Mən baş işarəsi ilə gəlinin əmisini administratora göstərdim və o bir anda yox oldu. Sürətlə ona doğru qaçdı. İş burasındaydı ki, qızın əmisi "xələti" ancaq bir ofisianta vermək istəyirdi, amma ofisiantlar bu "xələti" üç yerə bölmək istəmirdilər. Kişinin əlində sarı bir əllilik havada qalmışdı. Belə bir "xələt" uğrunda nə istəsən edərdilər. Əlliliyin həyəcanından ofisiantlar geri addım atmaq istəmirdi. Hər üçünün gözü bir nöqtəyə - əlliliyin havadakı koordinatlarına zillənib qalmışdı. Əlbəyaxa olmaqlarına az qalırdı. Administrator buna yol verə bilməzdi. Yox, yox, ofisiantların "xələt" üstündə savaşması onu bir o qədər maraqlandırmırdı. Ən çox sarı əlliliyin digər ofisiantların cibinə girməsi yolverilməz idi. Administrator təngənəfəs özünü bu məkana yetirdikdən sonra mübahisə edən ofisiantlara nə dedisə, hər üçü dinməz-söyləməz ordan uzaqlaşdılar. Sonra mənə uzatdığı çəngəli torta batırıb gəlinin əmisinə uzatdı. Kişi tortu yeyəndən sonra administrator ona bir salfet kağızı uzatdı. Bir gözü gülümsəyərək kişiyə baxırdı, digər gözü isə havadakı əllilikdəydi. Administrator məharətini işə saldı və artıq onuncu saniyədə "xələti" əlinə keçirdi. Toyun sonunda tamada kənara çəkilib cibindəki "xələtləri" saydı. Yaxşı yığmışdı, amma hələ toy gedirdi. Nəsə yenə etmək olardı. Səhnəyə gəldi, mikrofonu əlinə alıb gözəl bir şeir dedi. Qadınlara həsr olunmuş şeir xalaları, bibiləri, nənələri valeh etdi. Tamada faktiki olaraq kişilərdən keçib qadınlardan "xələt" toplayırdı. Xalalar, bibilər və nənələr tamadanın sehirli tərifinə tab gətirməyib səhnəyə yaxınlaşırdılar. Tamada qadınları bir-bir səhnəyə çağırırdı. Xanımlar isə belə bir diqqəti qarşılıqsız qoya bilməzdilər. Bu qədər gözəl sözləri bəlkə də indiyə qədər eşitməmişdilər. Bu arada böyük bacım da səhnəyə tələsirdi. Sonra geri döndü və restoranda qonaqların içində qızlarını axtardı. Tamada sərrast gözləri ilə bu məqamı gördü və xalalar haqda gözəl bir şeirə başladı. Əriməmək mümkün deyildi. Bacım səhnədə olan belə gözəl əhval-ruhiyyəni qızları ilə bərabər yaşamaq istəyirdi. Qızlarını çağırdı ki, "Gəlin gedək, bizi də ora dəvət edirlər". Tamada sehirli sözlərinə davam etdi. Bu gözəl anlardan hətta bir çox qadın duyğulandı, gözü yaşaranlar da oldu. Hansı qadın tərif istəməz? Bacım qızları ilə bərabər tələsik səhnəyə yaxınlaşdı. Gözəl bir mənzərə var idi. Qadınlar səhnədə yan-yana düzülüb tərif sədaları altında əriyib gedirlər. Və tərif sözləri bitəndən sonra, tamada yavaş-yavaş, ehtiyatla "xələt" mövzusuna keçdi. Bir anda qadınların üz ifadəsi dəyişdi. Səhnəyə dəvət edilməyin başqa niyyətlə olduğunu görəndə hamısı məyus oldu. Hamısı küskün şəkildə öz yerinə keçdi... Tamadanın bu son əməliyyatı uğurlu nəticə verməmişdi. Bircə bəyin nənəsindən 20 manat qopara bildi. O da çox çətinliklə. Tamada yenə kənara çəkilib cibindəki pulları saydı. İçindən sevindi və "Min bərəkət!" deyərək "xələt" pullarını cibinə qoydu. ...Və beləcə adət-ənənələrimizin məhv edildiyi bir toy mərasimini yola verdik getdi... Təbii ki, belə iyrənc bir mənzərənin bizim heç bir adət və ənənələrimizə aidiyyatı yoxdur. Belə bir davranış bizə yaraşmaz. Toylarda bizim gözəl ənənələrimizdən əsər-əlamət qalmayıb. Toyun psixoloji stresi bir yana, insanlar bu restoran dilənçilərinə görə ayrı bir gərginlik yaşayırlar. Mən indi başa düşdüm ki, niyə görə bir çox yaxınlarım restorana girmədən öncə mənə "Xələt istəyənlərə üz vermə!" deyə xəbərdarlıq edirdilər. İnsanlar artıq "Xələt dilənçilərindən" qurtulma metodları tapıblar. Ən yaxşısı, toyun gedişatında restorandan eşiyə çıxıb, tanıdığın insanlarla söhbət edib vaxt keçirməkdir. Onda həm musiqi səsindən başın ağrımır, həm də pulun cibində qalır. Restoranın içində isə göz önündə olub hədəfə çevriləcəksən. İkinci metod isə bir az anti-humanistdir. Yəni "xələt" istəyənlərlə kobud davranmağı tələb edir. Necə deyərlər: "Fağır oldun, qanın getdi". Hər iki metod işləyir. Sadəcə hər bir insan özünə və cibinə uyğun olaraq hərəkət edir. Bir şeyi anlamaqda bəzən çətinlik çəkirəm. Bizim kimi mədəni və gözəl bir xalq toy günündə niyə belə hallarla qarşılaşmalıdır? Hardan keçib bu dilənçilik? Buna nə vaxt son qoyulacaq? Belə psixoloji təhdidləri, mental hücumları və hətta psixoloji təhqirləri necə durdurmaq olar? Bəlkə alimlərimizə, baş bilənlərimizə müraciət edək ki, buna bir çarə tapsınlar? Biz çox şeyə "ayıb" deyirik. Amma bu "xələt dilənçiliyini" də nə vaxt "ayıb siyahısına" salacağıq? Maraqlıdır ki, biz heç vaxt dilənçiliyi tərcih edən bir millət olmamışıq. Yoxsa bu "xələt" dilənçiləri qaraçılardan ustad dərsləri alıblar? Nə olur olsun, bizim toylar dünyanın ən gözəl toylarındandır və millətimiz də ən gözəl millətdir. Amma bir qrup "işgüzar" insanlar qədimdə "xələt" deyilən bir ənənəni iyrənc hala salıblar. Nə yazıq ki, bu iyrənclikdən biriləri təhqir olunaraq və utandırılaraq pullarından məhrum olur, digərləri isə o pulları "özününküləşdirirlər". Dünyada ticarət qanunlarına əsasən ödənilən pul qarşılığında ödəyən insan bir dəyər əldə edir. Məsələn, bir alıcı müəyyən miqdarda pul ödəyərək, özünə bir əşya alır. Yəni pulu əşyaya dəyişir. Amma bu "xələt" adıyla insanlardan zorla alınan pulun qarşılığı nədir? Yəqin ki bu sualın cavabı hələ cəmiyyətimizdə tapılmayıb... Belə bir sual verilə bilər: "Axı burda nə var ki? Toy dilənçilərinə pul verəndə kasıblamırıq ki". Onda deyə bilərəm ki, yolda duran dilənçilərə də pul verəndə biz kasıblamırıq. Toy dilənçilərinin tək fərqi ondadır ki, küçələrdə yox, ən gözəl məkanlarda olurlar, hər axşam geyinib-keçinib-ətirlənib toylarda "xələt" maskası altında insanları soymaqla məşğuldurlar.. Belə belə işlər... Görəsən bizim toylardakı "xələtlə" şərq nağıllarındakı "sehirli xələtin" arasında bir əlaqə varmı? Sehirli xələt nağıl qəhrəmanlarını möcüzəvi bir şəkildə bir yerdən başqa yerə aparır, məkan dəyişdirir. Kvant mexanikasına görə buna elmi dildə "teleportasiya" deyirlər. Bizim "xələt dilənçiləri" isə musiqi sədaları altında insanların cibindəki pulların məkanını dəyişdirirlər. Özü də min hiylə ilə, sehrlə, oyunbazlıqla... Sonda iki məqama toxunmaq istəyirəm. Bəziləri toy məkanında çalışan ofisiantların, tamadaların və musiqiçilərin yaxşı maaş almadığını düşünərək onlara bu soyğunçuluqda bəraət qazandırırlar. Birincisi, onlar orta bir vətəndaşdan daha yaxşı qazanırlar. İkincisi isə maaş nə olur olsun, heç kimin "xələt" ödətdirmək adı ilə insanların cibinə girməyə haqqı yoxdur. Digər tərəfdən isə onu da qeyd etmək lazımdır ki, bu "xələt" soyğunçuluğu hamıya aid deyil. Özünə hörmət edən və səviyyəsini qoruyan heç bir müğənni, musiqiçi, tamada və ya ofisiant insanlardan "xələt" istəməz. Hə, bir şeyi də unutmayaq. Problem "xələti" dilənəndə deyil, onu verəndədir... Sosioloq Elçin Orucov