Türkiyədəki həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə olunur - FOTO

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində təşkil olunan məntəqələrdə həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə edilir.

Türkiyədəki həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə olunur - FOTO
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində təşkil olunan məntəqələrdə həmvətənlərimizin seçkilərə yüksək marağı müşahidə edilir.

meqale.com xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində yaşayan azərbaycanlılar səhər saatlarından başlayaraq xüsusi ayrılmış avtobuslarla və səyyar avtomobilləri ilə seçki məntəqələrinə gələrək səs verirlər.

Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı Baş konsulluğunda 53 və 54, Qarsdakı Baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ya ümumiyyətlə, hazırda Türkiyədə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, səs verən seçicilərin siyahısı tərtib olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.