Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Öncəliklə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadəkonsertlə bağlı dinləyiciləri məlumatlandırdı.
Musiqili gecə dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Azərbaycan Respublikasının Əməkdar artisti Gülşən Ənnağıyevanın (piano) Alemdar Karamanovun piano və orkestr üçün "Ave Maria" 3 nömrəli konsertinin ifası ilə açıldı. Qeyd etməliyik ki, bu əsər Bakıda ilk dəfə səslənirdi və sonra isə dinləyicilərin gur alqışı ilə solist Gülşən Ənnağıyeva (piano) bis olaraq Marcello-Bach "Adagio" əsərini ifa etdi.
Daha sonra musiqisevərlərə solist Məhəmmədəli Paşazadənin (klarnet) ifasında Claude Debussy`nin klarnet və orkestr üçün 1 nömrəli rapsodiyası təqdim olundu. Konsert orkestrin ifasında Claude Debussy`nin "La Mer" ("Dəniz") simfonik eskizi ilə sona çatdı.