Yeni tədris ili köhnə problemlə gəldi - Bakı tıxacına necə əlac edək?
Bu gündən etibarən ölkəmizdə yeni tədris ili başlayıb. Hazırda tıxac problemi əsas problemlərdən birinə çevrilib. İstər avtobus və metrodan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkiblər. Bu tıxac və sıxlıq daha çox Bakı və Abşeronda müşahidə olunur. Ümumiyyətlə, tıxacların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
meqale.com xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, tədris ilinin ilk günündə sıxlıq olması qaçılmazdır.
"Bunun əsas səbəblərindən biri odur ki, uşaq ilk gün məktəbə gedəndə onu bir yox, bir neçə qohumu aparır. Onların da çoxunun avtomobili olur. Bu da tıxacların yaranmasına səbəb olur. Tıxac böyük şəhərlərdə olan bir elementdir. Onun aradan qaldırılması və alternativlərin formalaşdırılması yönündə görüləsi işlər vacibdir. Bunu da mərhələlərə bölmək olar.
Tıxac problemini yaxın, orta və uzaq hədəfli proqramlarla həll etmək olar. Yetər ki, investisiya ayrılsın və bu yöndə işlər görülsün. İlkin mərhələ mövcud olan ictimai nəqliyyat növlərinin üstünlüyünün təmin edilməsi, növbəti mərhələdə onların çeşidinin artırılması və rahat keçidin təmin olunmasıdır. Bunlara əməl olunsa, tıxacla bağlı problem kökündən dəyişə bilər. Əgər birinci sadaladıqlarımızın vəziyyəti yaxşı deyilsə, insanlar təbii olaraq şəxsi nəqliyyata üz tutacaq", - o bildirib.
Ekspert qeyd edib ki, şəxsi nəqliyyatın çoxalmasının səbəblərində biri də pandemiya oldu:
"Həmin dönəmdə daha çox məsafəli olmaq kimi səbəblər vardı. İndi isə postpandemiya dövrüdür. Avtobusda daha çox insanın getməsi normaldır. Marşrutlar arasında intervalların çox olması anormaldır. Bunun da obyektiv səbəbi odur ki, avtobuslara ayrılmış zolaqlar yoxdur. Bu zolaq yoxdursa, avtobus bütün halqanı pozur və planda tutulmuş interval üzrə hərəkət etməsi mümkün olmur. Bu da yekunda ümumi narazılığa gətirib çıxarır. Belə olduqda insanlar ictimai deyil, şəxi nəqliyyata üstünlük verirlər. İlkin mərhələdə biz bunları düzəltməliyik".
O bildirib ki, qısaməsafəli mobillik üçün şəraiti təxirə salınmadan təftiş edib, sonradan olan baryerləri aradan qaldırmaq lazımdır.
"Piyadanın hərəkətinə mane olan obyektlər sökülməlidir. Bu da bir qisim insanın piyada hərəkət etməsinə gətirib çıxaracaq.Velozolaqların təşkili üçün də çox iş görülməlidir. İnsanlar yaxın məsafələrdə velosiped və skuterlə hərəkət edə bilməlidir. Belə zolaqlar olsa da, bir pərakəndəlik hökm sürür. Bunu nizama salmaqla, bu istiqamətdə olan narazlığı aradan qaldırmaq olar.