ABŞ-də ən çox satılan avtomobil brendi - "Ford F-150" deyil - FOTO
Təxminən 50 il zirvədə qaldıqdan sonra "Ford F-150" pikapı artıq ABŞ-də ən çox satılan avtomobil deyil.
meqale.com xəbər verir ki, bu barədə Supercarblondie.com portalı yazıb.
Məlumata görə, 47 il ərzində heç bir avtomobil "F-150"ni taxtdan endirə bilməyib və 77 il əvvəl ilk F seriyasının təqdimatından bəri "Ford" bu yük maşınının 41 milyondan çox nüsxəsini satıb.
Lakin bazarda yolsuzluq avtomobillərinə, elektromobillərə və daha ekonomik avtomobillərə üstünlük verildikcə, "Ford" pikapının zirvədə mövqeyi zəifləyib.
Rəqib "Toyota" şirkətinin avtomobili indi Şimali Amerikada ən çox satılan model adını daşıyır.
"Jato Dynamics" tərəfindən aparılan araşdırmalar göstərib ki, "Toyota RAV4" modeli "Ford F-150"ni ABŞ-də ən çox satılan avtomobil mövqeyindən sıxışdırıb.
Bir müddət "Toyota"nın yolsuzluq avtomobili ikinci yerdə olsa da, hazırda bazarda vəziyyət "RAV4" kimi yolsuzluq avtomobillərinin xeyrinə dəyişib.
Hibrid güc aqreqatları "RAV4"ün satışlarını artırıb, "F-150"nin satışları isə 5 faiz azalaraq 2024-cü ildə 460 915 ədəd təşkil edib.
Bunun əksinə olaraq, "RAV4"ün satışları doqquz faiz artıb və "Toyota" keçən il 474 193 ədəd satıb.
"RAV4" dəyişməz olaraq ABŞ-də ən çox satılan yolsuzluq avtomobili idi və bu müddət ərzində ancaq "Ford" pikapından geridə qalırdı.
Bununla belə, "F-150"nin satışları hələ də yüksəkdir, lakin "RAV4"ün yüksəlişi pikapların istehlakçılar arasında, yavaş-yavaş da olsa, öz populyarlığını itirməyə başladığının əlaməti ola bilər.