Acun Ilıcalı ölüm döşəyində verəcəyi son mesajı paylaşdı
Dünyaca məşhur televiziya prodüseri Acun Ilıcalı, ABTalks proqramında qonaq olub və həyatındakı ən çətin anlardan danışıb. O, motosiklet qəzalarında yaşadığı ölüm təhlükəsini, Fənərbağçadakı ən ağır dövrlərini və qızlarına ölüm yatağında söyləmək istədiyi son sözləri bölüşüb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqramda "Ölüm yatağında qızlarınıza nə söyləmək istərdiniz?" sualına Ilıcalı belə cavab verib:
"Dünya çirkli bir yerə çevrilib. Sosial media və başqa təsirlər insanları daha da pozur. Belə bir mühitdə məsum qalmaq böyük uğurdur. Qızlarıma son mesajım budur: Məsum və yaxşı olun."
Motosiklet həvəskarı olan Ilıcalı, İstanbuldan Bodruma gedərkən yaşadığı təhlükəli anı ilk dəfə açıqlayıb:
"Sükan arxasında yuxulamışdım. Yanımda olan dostum Esat məni o anda qarnıma vuraraq oyatdı. Əks halda ömürlük şikəst qala bilərdik. Bir anlıq tamamilə huşumu itirmişdim."
Ilıcalı uşaqlıq və gənclik illərində çox ağır qəzalar keçirdiyini, boynunun qırıldığını, qollarına platin taxıldığını və ən yaxın dostunu itirdiyini bildirib. Həmçinin baba və nənəsinin də avtomobil qəzasında öldüyünü xatırladıb: "Erkən yaşda sevdiklərini itirmək, insanlara dəyər verməyi daha yaxşı öyrədir."